“Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının əsas məqsədi məhz bu gerçəkləri araşdırmaq və beynəlxalq aləmin düzgün məlumatlandırılması prosesinə töhfələr verməkdir”
Bayraqdar.info – “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər türk dünyası üçün tarixi hadisədir. Bu Zəfər, həmçinin Azərbaycanın işğaldan azad olunan ərazilərində erməni vandalizminin əsl mahiyyətini üzə çıxarıb. Odur ki, Ermənistanın törətdiyi amansız dağıntılar və müharibə cinayətlərinin araşdırılması hər birimizin üzərinə düşən mənəvi borcdur”.
Bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri, Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyası İdarə Heyətinin üzvü Hulusi Kılıç deyib. Qeyd olunub ki, Azərbaycana qarşı uzun zaman kəsiyini əhatə edən erməni cinayətlərinin əhatə dairəsi geniş, məqsədləri çox məkrlidir. Ermənistanın Azərbaycana qarşı məqsədyönlü və planlı cinayətlərinin araşdırılması və dünya ictimaiyyətinə çatdırılması Azərbaycan və Türkiyə ziyalılarının milli-mənəvi borcudur.
Bayraqdar.info-ya özəl açıqlama verən sabiq səfir bildirib ki, Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasında 36 ölkədən 140 üzv var: “Üzvlərin arasında sabiq baş nazirlər, nazirlər, 10-dan çox rektor, hüquqçular, sabiq millət vəkilləri, çoxlu sayda akademik və professorlar var. Mən və vaxtı ilə Türkiyənin Azərbaycandakı səfirliyində hərbi attaşe işləmiş istefada olan general Yücel Karauz da bu komissiyanın üzvüyük. Eyni zamanda Azərbaycandan da çoxlu üzvlər var”.
Geniş heyətlə fəaliyyət göstərirlər
H.Kılıç deyib ki, Dünya Türk Yazarlar Birliyinin başqanı Salih Kurtun rəhbərlik etdiyi Komissiyanın tərkibində İdarə Heyəti, həmçinin müxtəlif istiqamətlər üzrə heyətlər fəaliyyət göstərir: “Türkiyə Cümhurbaşqanının Baş müşaviri, sabiq millət vəkili, tədqiqatçı alim, professor Seyit Sertçelik və Türkiyə Cümhurbaşqanının Baş müşaviri İhsan Şener, Türkiyə Cümhurbaşqanlığına bağlı Dövlət Arxivləri başqanı, Prof. Dr. Uğur Ünal İdarə Heyətinin üzvləridir. Eyni zamanda mən də İdarə Heyətinin üzvüyəm. Yücel Karauz bəy isə araşdırma heyətinin sədridir. Hüquq heyətinə sabiq millət vəkili Cüneyt Yüksel rəhbərlik edir”.
Sabiq səfir qeyd edib ki, ilk olaraq Komissiyanın yaradılması ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə və Azərbaycanın Türkiyədəki səfirliyinə məlumat verilib: “Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının məqsədi birinci və ikinci Qarabağ müharibəsində ermənilərin işğal etdikləri torpaqlarda – Qarabağda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarını, qətliamları, Ermənistanın müharibə cinayətlərini araşdırıb sənədləşdirməkdir. Komissiya araşdırmalar nəticəsində hazırladığı hesabatları BMT, ATƏT kimi beynəlxalq qurumlara təqdim edəcək. Eyni zamanda nəticələr barədə beynəlxalq ictimaiyyətə ətraflı məlumat veriləcək. Xüsusilə də Komissiyanın 36 ölkədən üzvü olduğu üçün, bu hesabatlar həmin ölkələrin hökumətlərinə də göndəriləcək. Bu Komissiya Türkiyə Cümhurbaşqanının himayəsində fəaliyyət göstərəcək. Qarşıdakı günlərdə Cümhurbaşqanı cənab Recep Tayyip Erdoğandan təlimatlar alınacaq. Daha sonra isə Azərbaycana gediləcək və cənab Prezident İlham Əliyevdən müvafiq tapşırıq və təlimatlar alınacaq. Beləliklə də Komissiya fəal şəkildə çalışacaq”.
Bir il müddətinə işlər bitiriləcək
Bildirilib ki, Komissiyanın təxminən bir il müddətində fəaliyyət göstərməsi nəzərdə tutulub: “Məqsədimiz insanlıq əleyhinə törədilən cinayətlərin cəzasız qalmamasıdır. Bu cinayətləri törədənlər mütləq cəzalandırılmalıdır. Yəni araşdırmalar apararkən insanlıq adına hərəkət edirik. Çünki Ermənistanın istər birinci, istərsə də ikinci Qarabağ müharibəsi zamanı dinc əhaliyə qarşı çoxsaylı cinayətlər törətdiyi bütün dünyaya bəllidir. İkinci Qarabağ müharibəsində Gəncə, Tərtər və Bərdədə yaşayış məskənlərinin atəşə tutulması, təbiətə qarşı vəhşiliklərin törədilməsi, tarixi dini-mədəni abidələrin məhv edilməsi unudulmamalıdır. Bu cinayətləri törədənlər cəzalandırılmalıdır ki, bir də belə faciələr təkrarlanmasın. Əgər gerçəklər dünya ictimaiyyətini həqiqətən də maraqlandırırsa, işğaldan azad olunan Azərbaycan torpaqlarındakı real vəziyyətə baxsınlar. Qazanılan Zəfərdən sonra üzə çıxan cinayətlər göz önündədir. Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının əsas məqsədi məhz bu gerçəkləri araşdırmaq və beynəlxalq aləmin düzgün məlumatlandırılması prosesinə töhfələr verməkdir. Komissiyanın öz məqsədlərinə çatacağına və haqlı davasında Azərbaycana yardım edəcəyinə inanıram”.
H.Kılıç Komissiyada olmaqdan çox qürur duyduğunu da söyləyib: “Bununla mənə ikinci dəfə can Azərbaycana xidmət etmək şansı verilib. Bunu ən yaxşı şəkildə dəyərləndirəcəyimə, üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyimə kimsənin şübhəsi olmasın. Son olaraq onu deyim ki, tövsiyyə xarakteri daşıyacaq bu hesabatların hazırlanması ilə yenidən bütün dünyanın diqqəti Ermənistanın Azərbaycana – azərbaycanlılara qarşı həyata keçirdiyi çoxsaylı cinayətlərə, soyqırımı və qətliamlara yönəldiləcək. Elə Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının bu yaxınlarda videokonfrans formatında keçirilən iclasında da bu əminlik ifadə olundu. Hörmətli sədrimiz Salih Kurtun əminliklə bildirdiyi kimi, Komissiya fəaliyyətini daha da genişləndirərək ədalət carçısı kimi tanınacaq”.