Son yeniləmə: 24 May 2021 17:54
Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi 13 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə keçirəcək.
Bu haqda xəbəri DİM-in Mətbuat Xidməti yayıb.
Xəbərdə deyilir ki, mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında elana çıxarılan vəzifələrin 39-u dövlət qulluğu vəzifələrinin A növünə və 38-i B növünə aiddir. A növü inzibati rəhbər, B növünə isə inzibati icraçılar daxildir.
Vəzifələr arasında ən yüksəkləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əqli Mülkiyyət Agentliyi və Kənd Təsərrüfatı Nazirliyində müvafiq vəzifələrdir.
Xəbərdə o da qeyd edilir ki, DİM tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə mayın 24-dən iyunun 22-si saat 18:00-dək Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.