Press "Enter" to skip to content

Azərbaycanla Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq

Bayraqdar.info – Azərbaycan-Böyük Britaniya əlaqələri genişlənir. İki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq uğurla inkişaf edir.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarovun Böyük Britaniya və Şimali İrlandiya Krallığının İxracat naziri Graham Stüart ilə görüşünda bildirilib.

Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, nazir ölkələrimiz arasında digər sahələrlə yanaşı uğurlu ticarət və investisiya əməkdaşlığının da həyata keçirildiyini deyib. Qeyd edilib ki, Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkədir və 4-cü iclası keçirilən Azərbaycan və Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli əlaqələrin inkişafında önəmli platformadır.

Görüşdə ölkəmizdə həyata keçirilən islahatlar, 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri və qarşıya qoyulan hədəflər diqqətə çatdırılıb. İqtisadiyyat naziri Azərbaycanda dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın, rəqəmsal ekosistemin inkişafı, kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılması, nəqliyyat-tranzit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər barədə danışıb. Böyük Britaniya ilə iqtisadiyyatın müxtəlif sahələri, xüsusilə “yaşıl iqtisadiyyat” və bərpa olunan enerji üzrə əlaqələrin genişləndirilməsi potensialının böyük olduğunu deyib.

Görüşdə azad edilmiş ərazilərimizdə nəzərdə tutulan işlər barədə məlumat verilib. Böyük Britaniya və Şimali İrlandiya Krallığının İxracat naziri bu işlərdə Britaniya şirkətlərinin iştirak etməkdə maraqlı olduqlarını vurğulayıb.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələri üzrə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Mission News Theme by Compete Themes.