Press "Enter" to skip to content

Mirzə Sakit: Şuşa azad olunanda hönkür-hönkür ağladım – ÖZƏL

Son yeniləmə: 23 May 2021 10:40

“44 günlük qalibiyyət savaşından sonra günü bu günə qədər yerişim də dəyişib”

Satirik şair Mirzə Sakiti oxucuya geniş təqdim etməyə ehtiyac yoxdur. Çünki olduqca açıq fikirli, inandığını, bildiyini üzə deyən birisi olmaqla özünü yaxşı mənada tanıda bilib. Hərçənd tanıtmaq kimi bir dərdi olmasa da.

Biz Mirzə Sakitin sərt müxalif mövqedə olduğunu bilirik. Çünki şəxsi tanışlığımız, dostluğumuz olub, indi də davam edir. Hətta bəzən siyasi məsələlərlə bağlı nəzakətlə, lakin sərt mübahisə etdiyimiz də olur.

Mirzə Sakit düşünür ki, Azərbaycan çox dəhşətli durumdadır. Bizsə izah etməyə çalışırıq ki, heç də hər şey onun düşündüyü kimi deyil. Əlbəttə, fikir müxtəlifliyidir, buna da anlayışla və dözümlü yanaşmaq lazımdır.

Bizim Mirzə Sakitlə dostluğumuzun siyasi fikir ayrılıqlarımıza baxmayaraq (əslində, şəxsən mən siyasi fikir ayrılığımız olanlarla dostluğumu heç vaxt kəsmirəm – A.H.) davam etməsinin səbəbi odur ki, nə o məndən inciyir, nə də mən ondan. Nə o məni mövqeyimdən çəkindirmək istəyir, nə də mən onu.

Bildiyim tək bir gerçək var: Mirzə Sakit vətənpərvərdir, Azərbaycan dövlətinə sadiqdir, istənilən anda canını fəda edəcək qədər ürəklidir. Ona görə də bizim üçün dəyərlidir. Baxmayaraq ki, təqdim edəcəyimiz müsahibədə olduqca sərt, şəxsən mənim razılaşmayacağım xeyli fikirlər səsləndirib, yenə də ona tribuna verməyi qərara aldıq (hərçənd Mirzə Sakitin tribuna problemi də yoxdur – A.H.).

Bir daha qeyd edirik: Mirzə Sakitin fikirlərinin çoxuyla razılaşmırıq. Lakin onun özünü ifadə azadlığına və hüququna sayğılı yanaşmağa borclu olduğumuzu da ayrıca vurğulayırıq. Ona görə də verdiyi cavabların heç birinə kiçicik də olsa müdaxilə etməmişik. Yaxud nəyisə silməmişik.

Həm də düşünürük ki, biz Azərbaycan mediası olaraq fərqli düşünənlərə, ədəb çərçivəsində tənqidçilik edənlərə mütləq meydan verməliyik. Çünki onsuz da heç kimin sözünü harda və necə deməklə bağlı problemi yoxdur. Belə bir durumda adamların sinəsindən geri itələməkdənsə, onlara meydan vermək, dinləmək, toxunduqları problemləri diqqətə almaq ən doğru yanaşmadır. Məhz bu düşüncəylə Avropada mühacir həyatı sürən Mirzə Sakitlə söhbətimizi təqdim edirik.

Qürbətdə darıxır

Bayraqdar.info: Bir az ənənəvi sualdır, amma cavab istərəm: bu qədər uzun müddətdə qürbətdə necə dözürsən, ay evi tikilmiş?

Mirzə Sakit sözügedən meşədə

Mirzə Sakit: Əslində elə “dözürsən” sözü ənənəvidir. Etiraf edim ki, çox darıxıram buralarda. Hətta əzab çəkirəm. Yaşadığım şəhərin kənarlarında meşə massivləri var. Hərdən ora gedib Şamaxıdakı meşəmizdəki yerlərə oxşar mənzərə axtarıram. Hətta bir-iki oxşar mənzərə də tapmışam. Saatlarla orada otururam, evdən gətirdiyim yeməyi yeyirəm, bir az da yazı yazıb qalxıb geri dönürəm.

Bayraqdar.info: Yenə də ənənəvi bir sual: uzaqdan baxanda Azərbaycanın özü necə görünür? Bəs biz – Azərbaycanda yaşayanlar necə görünürük?

Mirzə Sakit: Çox istərdim ki, uzaqdan Azərbaycanı yaxşı görüm. Xüsusən də insanlarımızın sosial təminatlı olmalarını çox arzulayıram. Vətən dediyimiz müqəddəslikdə vətəndaşları əzablar və ağır durumda yaşatmaq Vətənə xəyanət etmək kimi suçlanmalıdır. Bir tərəfdən baxırsan ki, Azərbaycanımız təbii sərvətlərlə zəngin bir məmləkət olduğu halda, əhalinin əksər təbəqəsi kasıblıq içində yaşayır. İndi gəl uzaqdan Vətənə bax, görüm necə baxırsan. Hədsiz məşəqqətlidir baxmaq. Bizim soydaşlarımız çox insanpərvərdirlər. Milli mənəviyyatımız sərvətimiz kimi zəngindir. Amma di gəl ki, o mənəvi dəyərlərimizi də sərvətimiz kimi dağıdırlar, talayırlar. Eyni zamanda mübariz Xalqıq. Gərək yarandığı vaxtlarda ayağa qalxmağı bacarırıq. Ancaq təəssüf ki, ayağa qalxmaqda ləngik, bir az gecikirik.

Bayraqdar.info: Necə düşünürsən, qürbət həyatına son qoymağın vaxtı çatmayıbmı? Sənin qoyub getdiyin Azərbaycan çoxdan dəyişib. Həm də qürbət cənnət olsa da…

Mirzə Sakit: Mən hər gün Vətəndəyəm. Orda baş verən hadisələr haqqında anındaca xəbər tuturam. Bəzən olur ki, Vətəndəkilər məndən soruşurlar: – Filan rayonda o hadisə oldu haa, sən bilən onun axırı necə olacaq?

…Güman edirəm ki, yaxınlarda Vətənə qayıdacam.

Azərbaycan çoxdan dəyişib dedikdə, bəli, dəyişən nələrsə var, ədalət naminə deyim ki, qəhrəman Azərbaycan Ordusunun igid əsgərləri sayəsində Vətən torpaqlarının bir xeyli hissəsinin işğaldan azad olunması çox böyük xoşbəxtlik hadisəsidir. Amma və lakin… və amma… məaləsəf amma Vətən hələ də korrupsiyanerlərin çaynağında inildəyir…

Vətənə müxalif olmaq mümkün deyil

Bayraqdar.info: 44 günlük Vətən müharibəsi günlərində səni öz yanımızda gördük. Haqq davamızı ürəkdən dəstəklədin. Halbuki hamı səni radikal müxalifətçi kimi tanıyır…

Mirzə Sakit: A bəy, hansı bir insan öz Vətəninə qarşı muxalif ola bilər axı? Bax, indicə dedin ki: – HAQQ DAVAMIZ. “Haqq davam” demədin. Çünki o HAQQ DAVASI hamımızındır. Torpaq uğrunda gedən savaşda muxalifət-iqtidar söhbəti ola bilməz.

44 günlük savaşda işğalda olan torpaqlarımız azad olunduqca mən burda hər gün sevincimdən ağlayırdım. Şuşa azad olunan günü isə uşaq kimi hönkür-hönkür ağladım. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla əlaqə qurub bir-birimizi muştuluqlayırdıq. Onlar da eynən mənim kimi ağlayırdılar. Bu sevinci bizə yaşadan generallarımızın, zabitlərimizin, əsgərlərimizin əllərindən öpürəm. Şəhidlərimizin isə ruhları qarşısında baş əyirəm!!.

Bayraqdar.info: Avropada bir azərbaycanlı olaraq özünü 44 günlük müharibəyə qədər necə hiss edirdin, indi necə hiss edirsən?

Mirzə Sakit: Yaşadığım bu ölkədə savaşdan öncə hərdən dükanda-bazarda ermənilərlə rastlaşırdım və tez də uzaqlaşırdım. Çünki mənim azərbaycanlı olmağımı bilmələrini istəmirdim. Düşünürdüm ki, bilsələr mənə acıq gəlsin deyə ədalı hərəkətlər edərlər.

Amma savaşdan sonra buralarda hər yerdə gözlərim erməni gəzir ki, onları görüm və öz-özümə bir Azərbaycan şərqisini zümzümə edim. Onlar da nənəm demiş, alışıb-yansınlar.

Həm də ki, 44 günlük qalibiyyət savaşından sonra günü bu günə qədər yerişim də dəyişib. Çox dik və qürurlu yeriyirəm. Arzum budur ki, Xankəndi də daxil olmaqla işğalda olan o biri ərazilərimiz də tam azad olunsun və yeriyəndə addım səslərim daha da gurultulu olsun…

Avropada yaşayıb avropalı ola bilməyənlər

Bayraqdar.info: Avropada yaşayıb avropalı ola bilməyən azərbaycanlılar var. Çox deyillər, amma könül bulandıracaq qədərdirlər. Söyüşçüləri nəzərdə tuturam. İddia edirlər ki, müxalifətçidirlər. Sən də müxalifətçisən. Özü də lap sərtindən. Amma bir dəfə də olsun söyüş söymədin. Bu, sənin daha az müxalifətçi olmağın deməkdir? Ya başqa nəsə izahı var?

Mirzə Sakit: Əgər sivilizasiyanı nəzərdə tutursansa, buna görə avropalı olmağa çox da gərək yoxdur. Elə insan var ki, Azərbaycanda dağın yamacında mal-qoyun otarır, amma sivilizasiyaya və yüksək mədəniyyətə malikdir. Və yeri gəlmişkən, ziyalı olmaq haqqında. Universitet bitirmədən də, elmi dərəcən olmadan da ziyalı olmaq mümkündür.

Əbədiyaşar Mirzə Sakit

Mən Azərbaycanda olanda “Azadlıq” qəzetində hər gün yazılarım dərc olunurdu. Özü də çox sərt və açıq şəkildə yazırdım. Boynuma alıram ki, o vaxtlar bəzi məmurları, yüksək postlarda olanları, lap elə Dövlətin başında duranları bir neçə dəfə “yağlamışam”. Amma dediyin o söyüşsöyənlər kimi ana-bacı, arvad-uşaq söyüşlərindən uzaq olmuşam. Və söyənlərə qarşı da iradlarımı bildirmişəm. Dediyin o söyüşsöyənlərin heç biri hətta mənim feysbuk dostluğumda da yoxdur. Əslində, o söyüşsöyənlər muxalifət adından çıxış etməklə muxalifəti zəiflətməklə məşğuldur. Çünki onlara görə hakimiyyətdəkilər də cəmiyyətə deyirlər ki, baxın, bu da sizin muxalifət.

Mən bir misal gətirim. Bu vaxta qədər muxalifət partiyalarının rəhbərlərinin, funksionerlərinin dilindən əxlaqsız ifadə çıxdığını heç kim eşitməyib və eşidə də bilməz.

Yəni demək istəyirəm ki, o söyüşsöyənlərin muxalifətlə heç bir əlaqəsi yoxdur…

Əyər-əskiyi düzəltmək üçün Vətəndə olmalıyıq

Bayraqdar.info: Necə bilirsən, Azərbaycandakı əyər-əskiyi düzəltməyin yolu nədir: ölkədən çıxıb getmək və xaricdən “mübarizə” aparmaq, yoxsa ölkədə qalıb mümkün vasitələrlə dəyişikliklərə töhfə vermək?

Mirzə Sakit: Azərbaycandakı əyər-əskiyi düzəltmək üçün bu gün hakimiyyətdə olanlar ilk növbədə demokratik islahatlara başlamalıdırlar. Azad və şəffaf seçkilər keçirilməlidir. Ədalətli məhkəmə sistemi qurulmalıdır. Korrupsiyanın kökünü kəsmək üçün hakimiyyətdə təmsil olunan xırda məmurdan tutmuş iri məmura qədər hamısı cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki onların əksəriyyəti oğrudur. Onlar oturduqları kresloya Xalqa xidmət etmək postu kimi yox, şəxsi qazanc mənbəyi kimi baxırlar. Yoxsa bir icra başçısını çıxarıb yerinə bir başqasını təyin etməklə heç nə dəyişməyəcək. Heç kimə sirr deyil ki, bu gün parlamentdə bir nəfər də olsun xalqın seçdiyi millət vəkili yoxdur.

Siyasi məhbus məsələsi isə davam erməkdədir. Türmənin qapısı o fırlanan qapılar kimidir. İkisi eşiyə buraxılanda üçü də içəri atılır. Son 25 ildə 4 mindən çox siyasi məhbus olub.

Bu da Azərbaycanın siyasi hakimiyyətinin Xalqla davranışının gerçək göstəricisidir…

Əlbəttə, bütün bu əyər-əskiyi bərpa etmək üçün hamımız Vətəndə olmalıyıq. Oğrulara, quldurlara qarşı amansız mübarizə aparmalıyıq.

Dünyada ən güclü bir silah növü var.

O silahın adı XALQdır!!!

Sayğılarımla…

Bayraqdar.info: Şuşa azad olunanda hönkür-hönkür ağlayan adamdan bu dövlətə zərər gəlməz. Azərbaycan Ordusunun 44 günlük savaşla Vətən torpaqlarını azad etməsini uşaq kimi sevinərək sinirən birisi zərərli ola bilməz. O, nə qədər sərt, bəzən də razılaşmadağımız tənqidçi mövqedə olsa da bu xalqa əsla və əsla zərərli birisi sayılmamalıdır. Əksinə, ona imkan verilməlidir ki, Azərbaycana gəlib buradakı dəyişiklikləri görsün, əmin olsun. Bizim ölkəmizin inkişafıyla bağlı dediklərimizi gözüylə görsün. Əminik, görəndən sonra burada səsləndirdiyi sərt fikirlərin bir xeylisi dəyişəcək…

Mission News Theme by Compete Themes.