Bayraqdar.info – “Beynəlxalq birliyin Kıbrıslı rumlara “dövlət”, bizə isə “o dövlətdə etnik azlıq” kimi yanaşdığı müddətcə ortaq məxrəcə gəlinməsi şansı yoxdur.”
Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Xarici İşlər naziri Tahsin Ertuğruloğlu Macarıstanın ən nüfuzlu qəzetlərindən olan “Magyar Nemzet”ə müsahibəsində deyib.
KKTC-nin Azərbaycandakı nümayəndəliyindən bayraqdar.info-ya verilən məlumata görə, nazir daha sonra aşağıdakıları bildirib: “Daha artıq vaxt itirmək istəmirik. Müzakirələrdən öncə beynəlxalq birliyin tərəflərə bərabər yanaşmanın vacibliyini vurğuladıq”.
T.Ertuğruloğlu bildirib ki, bu, məsələnin iki suveren, bərabərhüquqlu dövlət arasında müzakirəsi anlamına gəlir. Yəni bu müzakirələr bir tərəfin dövlət, digər tərəfin etnik azlıq kimi qəbul edilməsi şəklində baş tuta bilməz.
Xatırladaq ki, BMT Baş katibi ortaq məxrəcə gəlməyin mümkün olmadığını, buna görə də bir neçə ay ərzində yeni danışıqların keçiriləcəyini deyib. T.Ertuğruloğlu müsahibəsində bu məqama da toxunub: “Bu danışıqlar olsa belə, biz masaya bərəbərhüquqlu tərəf kimi oturana qədər hər hansı nəticə olmayacaq”.
Müsahibəsində Avropa Bilriyini də tənqid edən nazir, “AB-nin danışıqlarda yeri yoxdur və əsla da olmayacaq” deyib.
Nazir yalnız Türkiyəyə güvəndiklərini qeyd edib: “Ancaq Türkiyəyə güvənirik. Bizi nə bahasına olursa-olsun qoruyacaqlarını təsdiq ediblər. AB-ni isə istəmirik. Bosniyada yaşananları gördük. Türk əsgərlərinin KKTC-də varlığı müzakirə edilməyəcək bir məsələdir”.