Bayraqdar.info – Azərbaycan “Yaşat” Xeyriyyə Marafonu çərçivəsində Bişkekdə Qırğızıstan Azərbaycanlılarının Azəri İctimai Birliyinin təşəbbüsü ilə xeyriyyə tədbiri keçirilib.
Bu haqda xəbəri bayraqdar.info-nun Qırğızıstandakı tərəfdaşı Media Türkel verib.
Tədbir iştirakçıları öncə Azərbaycanın və digər türk respublikalarının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.
Qırğızıstan və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra, Azəri İctimai Birliyinin prezidenti, Qırğızıstanın əməkdar hüquqçusu Əzizağa Əliyev açılış çıxışı edib. O, xeyriyyə marafonunun təşkil olunmasında əsas məqsədin tarixi Vətəndə başlayan “Yaşat” hərəkatına qoşulmaq olduğunu deyib. Əlavə edib ki, qazilərə, şəhid ailələrinə dəstək olmaq üçün Qırğızıstan azərbaycanlılarının qatqısını həyata keçirməyi hədəfləyirlər.
“Yaşat” Xeyriyyə Fonduna ianə verməyə dəvət edərək Əzizağa Əliyev 44 gündə Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasında Müzəffər Ali Baş Komandan, dünya Azərbaycanlılarının lideri İlham Əliyevin rolunu qeyd edib. O, 30 ildir xalqımızın gözlədiyi müharibənin qələbə ilə başa çatdırılmasında İ.Əliyevin əvəzsiz xidmətləri olduğunu vurğulayıb.
Əzizağa Əliyev: “Təbii ki, Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərinin yenidən bərpası, quruculuq işlərinin aparılması, abadlaşdırılması üçün külli miqdarda vəsait ayrılıb. Buna baxmayaraq bizim də bu xeyirxah əməldə payımızın olması çox mühümdür. Xeyriyyə Marafonu eyni zamanda birliyimizin bir rəmzidir”.
Tədbirdə iştirak edən Qırğızıstan Xalqları Assambleyasında təmsil olunan Ahıska türkləri, uyğur, əfqan, tacik mədəni birliklərinin rəhbərləri də Azərbaycanlı qardaşlarının sevincinə şərik olaraq tarixi qələbə münasibətilə soydaşlarımızı təbrik edib və xeyriyyə marafonuna diasporları adından ianə veriblər.
Sevindirici haldır ki, 8 yaşlı Asya Ələkbərova da qəpik-qəpik topladığı 5 manata bərabər məbləği atası vasitəsilə “Yaşat” Fondunun hesabına göndərib.