Bayraqdar.info – Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müvəqqəti işğalı və nəzarəti altında olan torpaqları… referendum yoluyla qaytarmağı düşünür. Hər halda onun mayın 20-də verdiyi açıqlama belə düşünməyə əsas verir.
“Ukraynanın Donbasdakı savaşı bitirib müvəqqəti işğal altındakı torpaqlarını geri qaytarmaq təşəbbüsləri ümum-Ukrayna referendumunun mövzusu ola bilər.”
Ukrayna Prezidentinin Ofisindən bayraqdar.info-ya daxil olan xəbərdə belə deyilir. Bu mövqeyi Ukrayna Prezidenti mətbuat konfransında deyib.
“Bu gün ən vacib məsələ ümum-Ukrayna referendumuna çıxarılmalıdır. İnanıram ki, bu, Donbasdakı vəziyyətdir. Bizim savaşı bitirib müvəqqəti işğal edilmiş torpaqlarımızı və insanlarımızı geri qaytarmaq üçün bir sıra planlarımız var – A, B, C. Əminəm ki, bir müddət sonra biz bu mövzuda referendumu cəmiyyətə təklif edəcəyik. Bu, digər planlar işləmədiyi halda əlavə planlardan biri ola bilər”, – deyə V.Zelenski bildirib.
Prezident bildirib ki, tezliklə yerli referendumlarla bağlı qanun Ali Radaya təqdim ediləcək. Onun fikrincə, bu, demokratiya və mərkəzsizləşdirmədir. Həm də çox vacibdir.
Bayraqdar.info: Açığı, hansısa ölkənin öz torpaqlarını referendum yoluyla işğaldan azad etməsi praktikasına hələ ki, rast gəlinməyib. Düzdür, Ukrayna bir örnək təşkil edə bilər. Lakin məntiqlə belə bir şeyin mümkünsüzlüyü referendumsuz da anlaşılandır. Elə isə Ukrayna Prezidenti referendum təşəbbüsüylə nəyə nail olmaq istəyir?
Hazırda Ukraynanın nəzarətində olmayan torpaqlarda referendum keçirilsə nəticə onsuz da indidən bəllidir. Bu, Ukraynanın ərazi bütövlüyünə qəsdi rəsmiləşdirməkdən başqa bir işə yaramayacaq. Belə anlamaq olar ki, Ukrayna Krımı və Donbası unutmağa hazırlaşır…