Bayraqdar.info – Futbol üzrə İran Premyer Liqasının 24-cü həftəsinin 1/8 final mərhələsinin oyunları çərçivəsində keçirilən qarşılaşmada Təbrizin “Traxtur-Azərbaycan” klubu “Aliminiyum-i Ərak” komandası ilə qarşılaşıb.
Oyun mayın 19-u axşam Ərak şəhərinin “Xomeyni” adına stadionunda keçirilib. Gərgin qarşılaşmada “Traxtur” üstün oyun nümayiş etdirib. Lakin 2:0 hesabı ilə rəqib komandaya uduzub.
Bu məğlubiyyətdən sonra “Traxtur” klubu Premyer Liqa yarışlarında çıxışını dayandırmağa məcbur olub.
Oyun kobud hakim səhvləri ilə yadda qalıb. Hakim “Traxtur”un hücumçusu Hadi Məhəmmədini meydandan uzaqlaşdırıb. Təbriz klubu ikinci yarını 10 nəfərlə oynamağa məcbur olub.
Bununla yanaşı komandanın baş məşqçisi Rəsul Xətibi rəqib komandanın baş məşqçisi ilə mübahisə etdiyinə və hakimin qərarına irad bildirdiyinə görə texniki zonadan uzaqlaşdırılıb.
Oyun bitəndən sonra baş məşqçi soyunub-geyinmə otağında “Traxtur”un oyunçuları ilə vidalaşaraq oradan uzaqlaşıb. Onun yaranan böhran və maliyyə problemləri ilə əlaqədar istefa ərizəsi yazdığı bildirilir.
“Traxtur” klubu İdarə Heyətinin rəhbəri Abbas İlyasi mətbuata verdiyi açıqlamada Rəsul Xətibinin hələlik rəsmi şəkildə istefa vermədiyini deyib. O, “Bu barədə rəsmi şəkildə müraciət olunmayıb və belə bir hal baş verəcəyi təqdirdə qəti şəkildə Rəsul Xətibinin istefasını qəbul etməyəcəyik”, – deyə, mətbuata açıqlama verib.
Qeyd edək ki, “Traxtur” Futbol Klubu ötən il final oyununda Tehranın “İstiqlal” klubunu məğlub edərək İran Premyer Liqasının çempionu olub. Bu ilki Asiya Çempionlar Liqasının növbəti mərhələsindəki İran təmsilçilərindən biri olaraq iştirak edir.
C.E
Qaynaq: GünAz.TV