Press "Enter" to skip to content

Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub

Bayraqdar.info – Bildirilir ki, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğının növbəti təzahürüdür. Sərəncamla 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. O cümlədən bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcək. Onlardan artıq 470-i verilib. Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 9 min 670 mənzil və fərdi ev verilib.

Bu gün isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub. Mənzillərin sənədlərini Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və Nazirlik yanında İctimai Şuranın sədri Elşad Məmmədov təqdim edib.

Nazirlikdən bayraqdar.info-ya verilən məlumatda deyilir ki, mərasimdə möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə görülən işlərdən də danışılıb. Şəhidlərimizin ailə üzvlərini, qaziləri, müharibə əlillərini əhatə edən sosial dəstək paketi barədə məlumat verilib.

Yeni mənzillə təmin olunanlar şəhid ailələri və müharibə əlillərinin rifah halının yaxşılaşdırılması, sosial təminatlarının gücləndirilməsi istiqamətində aparılan işlərdən razılıq ediblər. Onlar göstərilən qayğıya, müasir tələblərə uyğun yaşayış şəraiti olan mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Mission News Theme by Compete Themes.