Press "Enter" to skip to content

“Rənglər dünyasının kralı” da bu fani dünyanı tərk etdi

Bayraqdar.info – Rəssamları həmişə başqa dünyanın adamları hesab edirəm. Çünki onların dünyaya, təbiətə baxışı başqalarından fərqlənir. Onlar hər bir şeydə gözəllik, rəssamlıq-rəngkarlıq axtarırlar.

Bu yazımızda SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahovdan danışacağıq.

Repressiyaya məruz qalan ailə…

Rəssamın atası Teymur Salahov 1937-ci ildə Laçın rayonunun birinci katibi işləyib. Bu, onun sonuncu iş yeri olub. 1937-ci il sentyabrın 29-da onu həbs edib “trotski–zinovyevçi” əks-inqilabçı təşkilatın üzvü, ziyankar, terrorçu kimi dörd ən ağır ittiham irəli sürüb xalq düşməni damğası vurublar.

Həbsindən doqquz ay sonra güllələnib. Protokolda yazılmışdı ki, istintaq zamanı Teymur Salahov özünü günahkar hesab etməyib, etiraz səsini ucaldıb, lakin cəmi 15 dəqiqə sürən məhkəmə güllələnmə qərarı çıxarıb. Hökm dərhal yerinə yetirilib. Evdar qadın olan anası Sona xanım beş uşaqla tək qalıb. Gələcəyin rəssamı çox çətin durumda böyüyüb.

Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub. O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirdikdən sonra V.İ.Muxina ad. Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olub. 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutuna daxil olub.

İlk əsərini Xəzər dənizinə həsr edib

Müşahidələrimə görə, rəssamları dəniz qədər özünə çəkən ikinci bir yer yoxdur. Peyzaj janrında naturadan çəkilən dəniz, meşə, dağ, kənd həyatı kimi əsərlər hər rəssamda fərqli alınır. Çünki, rəssamların dünyaya baxışları da fərqlidir. Dəniz həm gün çıxanda, həm də günəşin qüruba endiyi zaman çox fərqli olur.

Dəniz sakit halda və dalğalı vəziyyətdə bir başqa, dənizdə üfüqdə günəşin zərrin şüaları altında gəminin görünməsi bir başqa gözəllikdir. Rəssamlar bu gözəlliyi qələmə almaq üçün günlərlə dənizin sahilinə gəlməıli olur. Tahir Salahovun da yaradıcılığa məhz “Dalğa” əsəri ilə başlaması təsadüfi deyil. 1955-ci ildə “Dalğa” və “Estakada” adlı ilk əsərlərini çəkib. “Xəzər üzərində” əsərində yenə də Xəzər dənizinə müraciət edib.

Öyrənməyi sevən rəssam öz yaradıcılığını genişləndirmək məqsədilə 1957-ci ildə V.İ.Surikov ad. Moskva Dövlət Rəssamlıq İnstitutunu rəssam-nəqqaş ixtisası üzrə də bitirib.

1958-ci ildə “Səhər eşelonu”, 1959-cu ildə “Rezervuar parkı”, “Neftçi”, “Təmirçilər” əsərlərini çəkib. Rəssamın əsərlərində portret janrı özünəməxsus yer tutur. “Qara Qarayevin portreti”, “Abşeron qadınları”, “Bəstəkar Fikrət Əmirovun portreti”, “Aydan” əsərləri məşhurdur.

Tahir Salahov Azərbaycan Ensiklopediyası redaksiya heyətinin üzvü seçilib. Həmçinin, Moskvada Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü olub.

T.Salahov Bakıda yaşadığı dövrdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Respublika Ali Sovetinin deputatı, 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi, 1997-ci ildə isə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti seçilib.

Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyalarının, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü olan rəssam realist janrın nümayəndəsidir. Onun əl işləri hazırda da yüksək titullara layiq görülərək yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir.

“Rənglər dünyasının kralı”

Rəssamın dünyanın bir çox ölkələrində sərgiləri təşkil edilib (Yaponiya, Almaniya, Bolqarıstan, Finlandiya, Xorvatiya, Avstriya və b). O, Avstriya Rəssamlar İttifaqının fəxri üzvü və UNESCO-nun nəzdində Millətlərarası Plastik İncəsənət Assosiasiyasının vitse-prezidenti və fəxri prezidenti seçilib.

Tahir Salahovun əsərlərinin bir qismi xalça üzərinə köçürülüb və 2018-ci ildə Bakıda keçirilən “Ənənələrin izi ilə” adlı sərgidə nümayiş olunub. Bu işlər xalçaçı rəssam Tariyel Bəşirov tərəfindən 10 il müddətinə hazırlanıb.

Təsadüfi deyil ki, məşhur rus teatr aktyoru Kirill Lavrov onu “Rənglər dünyasının kralı” aldandırırdı. Məşhur modelyer, brend yaradıcısı Pyer Karden Tahir Salahovun yaradıcılığının sehrli qüvvəyə malik oldugunu deyirdi. (Qeyd edək ki, Pyer Karden 2020-ci ildə 98 yaşında vəfat edib.)

Görkəmli rəssam Tahir Salahov 2021-ci il mayın 21-də 93 yaşında Almaniyada müalicə aldığı klinikada vəfat edib. Allah rəhmət eləsin.

Qeyd: Yazıda açıq mənbələrdən istifadə edilib.

Mission News Theme by Compete Themes.