Press "Enter" to skip to content

Meksika dinləyiciləri erməni təcavüzü barədə bilgiləndirilib

Bayraqdar.info – Ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov bu ölkənin geniş dinləyici auditoriyasına malik “Imagen Radio” kanalının tanınmış aparıcısı Fransisko Zeaya müsahibə verib. Müsahibədə Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi və nəticələri, 30 ilə yaxın işğalda saxlanılmış ərazilərimizin azad edilməsi və digər məsələlərdən bəhs olunub.

Bu barədə səfirlikdən bayraqdar.info-ya məlumat verilib.

Müsahibədə 1991-94-cü illərdə Ermənistanın Azərbaycan ərazisinin beşdə birini işğal etdiyi, burada etnik təmizləmə apararaq 1 milyona yaxın soydaşımızı öz yurdlarından qovduğu bildirilib. Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymaması və destruktiv mövqe tutması səbəbindən münaqişənin dinc yolla həlli istiqamətindəki bütün səylərimizin nəticəsiz qaldığı vurğulanıb.

Ötən ilin sentyabr ayında erməni tərəfinin növbəti dəfə hərbi təxribata əl atdığı qeyd olunub. Bildirilib ki, bununla əlaqədar silahlı qüvvələrimizin apardığı əks hücum əməliyyatları nəticəsində ərazilərimizin geniş hissəsi azad edilib. Eyni zamanda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı ilə Ermənistan silahlı qüvvələri qalan ərazilərimizdən çıxarılıb.

Səfir işğaldan azad edilmiş ərazilərdə yaşayış infrastrukturunun tamamilə dağıdıldığını, burada ölkəmizə aid tarixi-mədəni irsin məhvinə cəhd edildiyini bildirib. Məscid, kilsə, muzey və digər dini-mədəni abidələrimizin də erməni vandalizminə məruz qaldığı, Azərbaycanın bu dağıntılarla bağlı beynəlxalq qurumlara müraciət edəcəyi deyilib.

Səfir indiki mərhələdə başlıca məqsədin məcburi köçkünlərimizin öz torpaqlarına qaytarılması, bunun üçünsə bölgədə yaşayış infrastrukturunun yenidən inşa edilməsi olduğunu deyib. Habelə Ermənistan tərəfindən bu ərazilərdə kütləvi şəkildə basdırılmış və hələ də yerləşmə xəritələrini verməkdən imtina etdiyi minalardan təmizlənməsi gərəkliliyi qeyd olunub.

Müsahibədə həmçinin Ermənistanda mövcud olan qisasçı qüvvələrin ərazi iddiaları və nifrət ritorikasını davam etdirdiyi vurğulanıb. Regionda qalıcı sülh və sabitliyin bərqərar olması üçün Ermənistanın öz təcavüzar siyasətindən əl çəkməli və əhalisini sülhə hazırlamalı olduğu deyilib.

Sonda Azərbaycanla Meksika arasında ikitərəfli əlaqələrin inkişafı, siyasi, mədəni, təhsil, parlamentlərarası və iqtisadi-ticari sahələrdə əməkdaşlıq imkanları haqda məlumat verilib.

Mission News Theme by Compete Themes.