Əslində, Prezident İlham Əliyevin mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdəki fikirləri üzərində dayanmaq istəyirdik. Lakin yenə də elə bir hal yaşandı ki, məcbur olub bu mövzunun xaricinə çıxmalı oluruq.
Eyni gündə Azərbaycan lideri Cənubi Qafqazda sülhdən, qarşılıqlı anlaşmadan, itirilmiş etimadın bərpa edilməsindən danışmaqdaykən erməni yanlıları yenə də suyu bulandırmağa girişdi.
Nə baş verdi? Avropa Parlamenti Azərbaycanla bağlı yalan və iftiralarla dolu bir qətnamə qəbul etdi. Həm də uzun-uzadı bir qətnamə. Düz 6 səhifəlik. Oxuduq. Vaxtımız getdi, nəfəsimiz kəsildi.
Qətnamənin məğzinə keçməzdən öncə qeyd edək ki, bu sənədə 607 Avropa deputatı səs verib. 27 nəfər əleyhinə olub, 54 nəfər də tərəfsiz qalıb. Yəni ən azı 607 deputat əleyhimizə olan qərəzli və əsassız sənədi dəstəkləməklə bizə qarşı olduqlarını növbəti dəfə nümayiş etdirib.
Nəzərə alaq ki, hazırkı çağırış Avropa Parlamenti 2019-cu ildə seçilib və 705 deputatdan ibarətdir. Bunun 607-si isə o deməkdir ki, bu deputatların ən azı 86 faizi bizim əleyhimizədir. Əlbəttə, bu heç də mütləq o demək deyil ki, onların hamısı Ermənistanın dostlarıdır. Lakin bizim dostumuz olmadıqları gün kimi aydındır.
Çünki!
Çünki qəbul etdikləri 6 səhifəlik uzun-uzadı qətnamədə işğalçı Ermənistan demək olar ki, təmizə çıxarılır, işğala məruz qalan Azərbaycan yerdən yerə vurulur!
Sənədi oxuduqca adam elə gəlir ki, sanki Azərbaycan Ermənistanı işğal edib. Sanki yalnız Azərbaycan hərbi əsirlər götürüb. Sanki yalnız Azərbaycan atəş açıb, bomba atıb və “yazıq” erməniləri zülmə məruz qoyub.
Bütün bu iddia və ittihamlar elə bil Azərbaycanla Ermənistan arasında münasibətlərin düzəlmə ehtimalını belə heç etməyə cəhd kimi görünür.
Yenə də qeyd edilir ki, Azərbaycan hərbi əsirləri azad etməlidir. Yüz dəfə deyilib, bir dəfə də biz təkrar edək: Azərbaycanda hərbi əsir yoxdur! Vardı. Lakin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tələbinə uyğun olaraq onların hamısı Ermənistana təhvil verilib. Bunu Ermənistan da, vasitəçi Rusiya da yaxşı bilir. Elə o qətnaməni qəbul edənlər də.
Yaxud, yenə də iddia edilir ki, Azərbaycan dini-mədəni abidələri dağıtmaqdan çəkinməlidir. Harda, necə? Bəs bu deputatlar 30 ildir Azərbaycan torpaqları erməni tapdağında dağım-dağım ediləndə hardaydılar? Bizim dağıtmağımız üçün də bir şey qalmayıb axı o torpaqlarda. İşğalçı ermənilər torpağın nəinki üstünü, altını da dağıdıblar.
Sənədi diqqətlə oxuyanda anlaşılır ki, onu qəbul edənlərin də, mətnini hazırlayanların da nəyin nə olmasından əsla xəbəri yoxdur!
Yaxud da bəzilərinin xəbəri var, sadəcə fürsətdən istifadə edib Azərbaycana daha bir cəbhədən hücum edirlər.
Normallaşmaya əngəl olmaq istəyirlər
Və bunlar Azərbaycan Prezidentinin Ermənistanla münasibətlərin normallaşdırılması üçün iradə ifadə etdiyi anlara təsadüf edir. Yəni bir tərəfdə qalib gəlməsinə baxmayaraq məğlub tərəfə humanist yanaşma sərgiləyən Azərbaycan, digər tərəfdə də məğlubların haray-həşiri.
Avropa Parlamentinin üzvləri Azərbaycana böhtan atmaq üçün sıraya düzüldüyü anlarda Azərbaycan Prezidenti dünyanın ən nüfuzlu siyasi xadimlərini, mədəniyyət nümayəndələrini, tanınmış şəxslərini ölkəmizin xoş məramlı mövqeyi ilə tanış edirdi.
İ.Əliyev tədbirdə etdiyi çıxışla dünyaya bir daha bəyan edirdi ki, biz heç kimlə, o cümlədən də Ermənistanla gərginlikdə maraqlı deyilik. Əksinə, istəyirik ki, Azərbaycan kimi Ermənistan da sabitlik yoluna qədəm qoysun və ermənilər illər sonra nəhayət ki, normal yaşamağa başlasınlar.
Əslinə qalanda, Avropalı deputatlar Azərbaycanın belə mövqeyindən istifadə edib Ermənistanı yola gətirmək fikrinə düşsəydilər deyərdik ki, bunların dərdi doğrudan da xalqlar arasında anlaşmanı təmin etməkdir.
Amma elə davranmırlar. Azərbaycana böhtan atırlar. Guya biz ermənilərin abidələrini dağıdırıq. Adamdan soruşarlar ki, harada? Ermənistan ərazisində? Deyil. Çünki bizim əsgərimiz Ermənistan ərazisinə bir addım da olsa daxil olmayıb.
Qarabağda? Orada şanlı Azərbaycan Ordusunun azad etdiyi bütün torpaqlar bizimdir və erməni abidələrinin olması nəzəri baxımdan da mümkün deyil. Olmayan şeyin dağıdılması haqqında danışmaqsa sadəcə absurddur ki, bununla da Avropalı deputatlar məşğul olurlar…
Ermənistan dinc yanaşı yaşamağı öyrənməlidir
Prezident İ.Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 20 may tədbirindəki çıxışı da, ondan öncəki bütün çıxışları da yalnız bir məqsədə qulluq edir: Ermənistanın dinc yanaşı yaşamalı olduğunu həm ermənilərə, həm də dünyaya eşitdirmək.
Bizim heç kimin torpağında gözümüz yoxdur. Ermənilərdən fərqli olaraq goreşən kimi qəbirləri belə dağıtmırıq. Ölkəmizin ərazisində fərqli dinlərdən və dillərdən olan istənilən abidənin və əhali qrupunun mövcudluğunu özümüz üçün zənginlik sanırıq. Hətta Bakının mərkəzindəki erməni kilsəsini belə qoruyuruq, bərpa edib yaşarlılığını təmin edirik. Belə bir xalqı barbarlıqda ittiham etmək olarmı heç?
Nə etməli? Necə etməli? Belə anlaşılır ki, Prezidentin özüylə bərabər bizim kimi az-çox səsi çıxan, gücü çatan insanlar da dünyanı maarifləndirməyə davam etməlidir.
Yenə də Avropa Parlamentinin məlum qətnaməsinə qayıdırıq. O sənəd (ki, artıq onun bir “kağız parçası” olduğu təbliğatı aparılır) təbii ki, əleyhdarlarımızın fəallığı nəticəsində qəbul edilib. Lakin yalnız buna görə deyil. Həm də bizim əfəlliyimizdir o sənədin qəbul edilməsinə səbəb.
Azərbaycan Prezidenti nə vaxta kimi informasiya savaşına enerji xərcləyəcək? Nə vaxta kimi yalnız onun özü və ətrafındakı 3-5 nəfər bu işlərlə məşğul olacaq? Bəs bu qədər pullar xərclənən mediamız nə işlə məşğuldur? Yaxud da diaspor adına pul xərclənən qurumlar nə edir?
Bəs xarici ölkələrdəki diplomatlarımız? Onlar da yeyib-yatmaqdan ayılsaydı bəlkə nəyəsə ümid edə bilərdik…
İşə yaramaz Milli Məclis
Bunlar öz yerində. Ən önəmli sual: Azərbaycanın hazırda 120 deputatı olan Milli Məclis nə işə baxır? Niyə orda kürsü məşğul edən deputatların (bir neçə nəfər istisna olmaqla) heç biri Avropa Parlamenti kimi qurumlarla işləmir?
Əslində, işləyə bilmir də deyə bilərik. Sualın cavabını da bilirik: buna qabiliyyətləri çatmır! Təcrübə yox, bacarıq yox! Kimlərinsə bığının altından keçib oturublar parlamentdə. Anladıqları da sıfırın altında! İndi belə bir parlamenti olan ölkənin üzərinə gəlməzlərmi? Gələrlər!
Çıxış yolunu da deyirik: parlamenti buraxıb İlham Əliyevin dinamikasına layiq və uyğun şəkildə formalaşdırmaq lazımdır. Peşəkarlar parlamenti lazımdır Azərbaycana. Siyasi təşkilatlarda təcrübə qazanmış, özü özünü yetişdirmiş, dünyanı – beynəlxalq əlaqələri yaxşı bilənlər lazımdır Milli Məclisdə.
Yoxsa… Yoxsa nə olacağı zatən bəllidir. Mayın 20-də Avropa Parlamentində qəbul edilmiş qətnamənin davamı da olacaq…