Son yeniləmə: 21 May 2021 13:58
Bayraqdar.info – Mayın 21-də Azərbaycanda ilk dəfə aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları başlayıb. Sayca 9-cu olan bu yarışda 18 ölkədən 202 gimnast iştirak edir.
Xəbəri Azərbaycan Gimnasitka Federasiyası yayıb.
Xəbərdə deyilir ki, turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır. Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aerodans proqramında da öz qüvvələrini sınayacaqlar.
Qeyd edilir ki, turnir Milli Gimnastika Arenasında mayın 23-dək davam edəcək.
Turnirdə ölkəmizi Leyla Abdullayeva, Arzu Ağayeva, Leyla Əhmədova, Sara Əlixanlı, Aylin Əliyeva, Rövşanə Bağırzadə və digərləri təmsil edəcək.