Press "Enter" to skip to content

Əflatun Amaşov: Azərbaycan konservativ baxışlı spesifik ölkədir

Bayraqdar.info – Mayın 20-də Avropa Şurası Bakı Ofisinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə həyata keçirilən “Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi” layihəsi çərçivəsində “Gender əsaslı zorakılıq hallarının işıqlandırılması zamanı jurnalistlər üçün etik standartlar” mövzusunda iki günlük təlim başlayıb.

Bu haqda xəbəri bayraqdar.info-ya Mətbuat Şurası verib.

Təlimə Azərbaycanın mediasında çalışan jurnalistlər qatılıb.

Avropa Şurası Bakı nümayəndəliyinin əməkdaşı Vüsal Behbudov layihənin keçirilməsini zəruri edən səbəblər barədə danışıb.

Açılış çıxışında MŞ sədri Əflatun Amaşov bildirib ki, jurnalistlər üçün təlim Avropa Şurasının Mətbuat Şurası ilə əməkdaşlığı çərçivəsində növbəti təşəbbüdür. “İndiyədək media peşəkarlığının müxtəlif aspektləri ilə bağlı birgə tədbirlərimiz, təlimlərimiz, seminarlarımız gerçəkləşib. Bu, son beş ildə birgə reallaşdırdığımız artıq üçüncü təşəbbüsdür. Əminəm ki, seminar jurnalistlərimiz üçün uğurlu keçəcək, yeni biliklər əldə edəcək, malik olduqları bilikləri dərinləşdirəcəklər. Onların yaradıcılığı vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin dərinləşməsinə müstəsna töhfə olacaqdır. Bizim gözləntimiz budur. Əvvəlki illərin müsbət təcrübəsi gözləntimizin özünü doğruldacağına əminlik yaradır”, – deyə Ə.Amaşov vurğulayıb.

MŞ sədri bildirib ki, müxtəlif mövzularda təlimlər yalnız jurnalistikanın ixtisaslaşmasına deyil, həm də konkret praktik məqamlara jurnalist yanaşmasını formalaşdırmağı hədəf seçir.

“Fəxr edə bilərik ki, biz Şərqdə qadına hüquqlar verən ilk ölkəyik. Bu cəhət mediamızda da kifayət qədər təbliğ edilir. Ancaq erkən nikah, boşanmalar, uşaq intiharları, ailə daxili məsələlərlə bağlı bəzən ürəkaçan təqdimatların olmadığını görürük. Mövcud istiqamətdə tövsiyələrimizi veririk.

“Bildiyiniz kimi, Mətbuat Şurası Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına gender bərabərliyi və ayrıseçkiliyə yol verilməməsi prinsipinin müdafiəsi müddəasını əlavə edib. Bu isə o deməkdir ki, jurnalist gender əsaslı zorakılıq hallarının işıqlandırılmasına həssaslıqla yanaşmalı, gender əsaslı zorakılığı təşviq etməməli və cəmiyyətdə onun neqativ nəticələrinə dair məlumatlılığı artırmalıdır.

“Əlbəttə, Azərbaycan spesifik ölkədir. Burada kifayət qədər konservativ baxışlar var. Eyni zamanda adət-ənənələr də var. Belə durumda qadın-kişi bərabərliyi necə təqdim edilməlidir, məişət zorakılığı, qadınlara qarşı hiddətin yolverilməzliyi necə göstərilməlidir?

“Şübhəsiz, hüquqi mexanizmlər və qanunlarımızda bunlar nəzərdə tutulub. Ancaq bəzən xalqın yüz illərlə formalaşmış təfəkkürü, baxışı da öz sözünü deyir. Həqiqətən də çətin və spesifik yanaşması olan mövzudur. Burada birmənalı model yoxdur, birmənalı olaraq qanun da irəli çəkilə bilməz. Ona görə də jurnalistikanın məsələyə baxışı bir növ, birləşdirici rol oynamalıdır.

“Əgər konfrontasiyalar varsa, jurnalist yaradıcılığı bunun qarşısında müəyyən mənada sipərə çevrilməlidir”, – deyən Ə.Amaşov iştirakçılara uğurlar arzulayıb, təşəbbüsün reallaşmasına görə Avropa Şurasının Bakı Ofisinə təşəkkürünü bildirib.

MŞ sədrinin müavini Müşfiq Ələsgərli bildirib ki, Azərbaycan jurnalistlərinin gender mövzusunda bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əhəmiyyətli addımlar atılıb: “İlk dəfə məhz Azərbaycanda Jurnalistlərin Peşə Kodeksinə gender mövzusunu ehtiva edən prinsip artırılıb, ölkə jurnalistləri üçün çoxsaylı təlimlər keçirilib”.

M.Ələsgərli onu da qeyd edib ki, ölkə jurnalistləri bu sahədə bilgili və həssas olmalı, gender bərabərliyi adı altında yanlış vərdişlərin Azərbaycan cəmiyyətinə aşılanmasının qarşısını almalıdırlar: “Modernləşmə xalqın milli dəyərlərinə sayğılı yanaşma üzərində gerçəkləşdirilməli, yad təmayüllərin qarşısı alınmalıdır”.

Açılış nitqlərindən sonra təlim beynəlxalq ekspertin yönləndirməsi ilə davam edib.

Təlimdə ekspert Yelizaveta Blagoyeviç tərəfindən “Gender əsaslı zorakılıq: anlayışlar, qarşısının alınması və aradan qaldırılması üçün istifadə olunan əsas hüquqi alətlər”, “Gender əsaslı zorakılıq hallarının qarşısının alınması və aradan qaldırılmasında medianın rolu”, “Gender əsaslı zorakılıq hallarına dair reportajların hazırlanması zamanı etik prinsiplər”, “Gender əsaslı zorakılıq hallarına dair reportajların hazırlanmasına dair konkret təlimatlar” mövzularında məruzələr dinlənilib, həmçinin müzakirələr təşkil olunub, iştirakçıların sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.