Press "Enter" to skip to content

Sosial Xidmətlər Agentliyində İctimai Şuranın üzvləri ilə görüş

Son yeniləmə: 20 May 2021 19:10

Bayraqdar.info – Ölkəmizdə həssas əhali qruplarının sosial dəstəklə təmin olunması, sosial xidmətlər sisteminin əhatə dairəsinin genişləndirilməsi sahələrdə davamlı işlər aparılır.

Bu barədə bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindəki görüşdə bildirlib.

Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, ƏƏSMN yanında İctimai Şuranın üzvləri ilə keçirilən görüşdə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov bir çox məqamlara toxunub. 2-ci Qarabağ savaşından sonrakı dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilərlə bağlı görülən sosial dəstək tədbirləri barədə ətraflı məlumat verilib. 2 min 950 ailənin psixo-sosial dəstəklə təmin edildiyi diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin tapşırığı əsasında şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının dəfələrlə genişləndiyi vurğulanıb. Bildirilib ki, ötən dövrdə şəhid ailələri və müharibə əlillərinə 9 min 620 mənzil və fərdi ev, müharibə əlillərinə 7 min 200-dən çox avtomobil verilib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə 11 min, o cümlədən 2021-ci ildə 3 minədək mənzil və fərdi evin bu kateqoriyadan olanlara veriləcəyi qeyd olunub.

Görüşdə sosial xidmətlərin keyfiyyətinin və operativliyinin, əlçatanlığının artırılması, bu sahədə elektron infrastrukturun yaradılması barədə danışılıb. Həmçinin, yeni sosial xidmət müəssisələrinin istifadəyə verilməsi istiqamətində aparılan işlərdən bəhs olunub. İctimai Şura ilə birgə görüləcək işlər müzakirə olunub.

Mission News Theme by Compete Themes.