Bayraqdar.info – Mayın 20-də Prezident İlham Əliyevin Sərəncamı ilə Sabir Xudu oğlu Rüstəmxanlı “Şöhrət” Ordeni ilə təltif edilib.
Bu barədə Prezident Administrasiyası xəbər yayıb.
S.Rüstəmxanlı Azərbaycanın ictimai-siyasi və mədəni həyatında uzun müddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Onu ən çox “Ömür kitabı”nın müəllifi kimi tanıdıq. Bir də 1988-ci ildə Azərbaycanda başlayan müstəqillik hərəkatının yaradıcılarından biri kimi…
Vətənpərvər, millətsevər bir şair, publisist kimi qısa zaman ərzində hamının sevimlisinə çevrilən Sabir bəy təmkini və sadəliyi ilə diqqət çəkirdi. Həmçinin, savadı, mütaliəsi o qədər güclüydü ki, hər sahədən olan insanlarla çox asanlıqla dil tapırdı. Xalqın sevimlisi deyəndə göz önünə gələn oğullardan biri də mütləq Sabir bəy olur.
Onunla tanışlığım 2000-ci illərin əvvəllərində “Vətəndaş Həmrəyliyi” qəzetində yaranmışdı. Çox sadə insan olaraq hər bir işçi ilə ata qayğısı ilə maraqlanır, problemi olanların problemini həll etməyə çalışırdı. Hamıyla bir-bir hal-əhval tutar, hamının dərdindən xəbərdar olmağa çalışardı.
10 il sonra yenidən görüşdük
Onunla bir də 10 il sonra görüşdük… Həyat yoldaşım Pərviz Elayla birlikdə Yardımlıda Babək Zirvəsinə yürüşə getmişdik. Yürüşü Sabir bəy təşkil etmişdi. 200 nəfərə yaxın gənc Güney Azərbaycanla sərhədə getdik. Yol dağlıq ərazidən keçdiyi üçün yolumuza “Zil” yük avtomobilləri ilə davam etdik. Avtomobilin arxasına doluşub bayraqları yelləyə-yelləyə o tayda qalan insanlarımızla həmrəy olduğumzu göstərdik. Sərhəddə xorla “Çırpınırdı Qara dəniz” oxuduq, sərhədin o tərəfində ocaq yandıraraq səsimizi eşitdiklərini bildirdilər. Geri dönərkən Sabir bəy məni gördü və ata qayğısı ilə niyə onun şəxsi avtomobilində getmədiyimizi soruşdu. Mən gənclərdən ayrılmaq istəmədiyimizi bildirdim. Bakıya – geri dönərkən Pərviz Elayla mən Sabir bəyin şəxsi avtomobilində gəldik. Onunla bir avtomobildə yol gəlmək o qədər xoş idi ki, xeyli maraqlı söhbətlərimiz oldu.
İndi Sabir Rüstəmxanlının 75 yaşı tamam olur. Həm də yubileyidir. Həm də ikinci dəfə “Şöhrət” ordeni alır. Sabir bəyə o qədər böyük hörmətimiz var ki, sözlə demək olmur. Mən sevimli Sabir müəllimi səmimi qəlbdən təbrik edirəm. Ona sağlam can və bol uğurlar arzulayıram. Yaşa və yarat, əziz Sabir müəllim!
Sabir Rüstəmxanlının həyat yolu
Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. 1963-cü ildə Yardımlı qəsəbə məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub və 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə tələbəlik illərindən başlayan Sabir bəy 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində işə başlayıb. 1974–1975-ci illərdə ordu sıralarında xidmət edib.
Hərbi xidmətdən sonra o, AMEA Nizami ad. Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib. 1976-cı ildə “Molla Nəsrəddin və folklor” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb.
1978-ci ildən “Yazıçı” nəşriyyatında işləyib. 1989–1991-ci illərdə isə “Azərbaycan” qəzetinin baş redaktoru olub. 1991-ci ildən Dövlət Mətbuat Komitəsinin sədri, 1992–1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışıb. 1992-ci ildən yaratdığı Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.
Sabir Rüstəmxanlı 1990-cı ildən 2015-ci ilə qədər Milli Məclisin deputatı olub. 2020-ci ildə Milli Məclisə yenidən deputat seçilib.
S.Rüstəmxanlının ilk kitabı 1970-ci ildə nəşr edilib. Onun Azərbaycanda, Türkiyədə, Rusiyada və İsveçdə 20-dən artıq şeir, nəsr, publisistika kitabları nəşr edilib. “Ömür kitabı” adlı əsəri xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynayıb. “Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” və sair kimi şeir kitablarının müəllifidir. “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, “Orxonla görüş” poemalarını ərsəyə gətirib.
“Bu, sənin xalqındır”, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm Zirvəsi (Cavad xan)”, “Difai Fədailəri”, “Sunami” romanlarının müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. 2005-ci ildə Xalq Şairi fəxri adına layiq görülüb.
“Şöhrət” Ordenindən imtina etmişdi
S.Rüstəmxanlı 23 may 1996-cı ildə Prezidentin Fərmanıyla “Şöhrət” ordeni ilə təltif edilib. Lakin bu yüksək dövlət ödülünü almaqdan imtina edib.
2003-cü ildə Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülüb.
2005 və 2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə 72 saylı Yardımlı-Masallı dairəsindən deputat olub.
S.Rüstəmxanlı diaspor təşkilatı olan Dünya Azərbaycanlıları Konqresinin üzvüdür. Müxtəlif vaxtlarda Konqresin Məclis sədri, İdarə Heyətinin üzvü və sədri olub. 2008 və 2011-ci illərdə Dünya Azərbaycanlıları Konqresinə keçirilən X və XI qurultaylarında həmsədr seçilib.
Həm 75 illik yubileyi və həm də “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə sevimli xalq şairimizi təbirk edirik. Ona saglam can və yeni yaradıcılıq uğurları arzu edirik.
Qeyd: Yazıda açıq mənbələrdən istifadə edilib.