Press "Enter" to skip to content

Rusiya Prezidenti Ermənistanın ümidini yenə də puça çıxardı

Vladimir Putin və İlham Əliyev

Bayraqdar.info – Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

Bu haqda xəbəri axşama doğru Prezident Administrasiyası yayıb.

“2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların hərfi və ruhuna tam uyğun olaraq təhlükəsizliyin və sabitliyin təmin edilməsi üzrə praktiki vəzifələrin həlli vurğulanmaqla regionda münaqişədən sonrakı vəziyyətlə bağlı məsələlər müzakirə edilib”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, “Bu kontekstdə Azərbaycan-Ermənistan sərhədində bu yaxınlarda baş vermiş hadisələrə diqqət yetirilib. Azərbaycan və Rusiya prezidentlərinin ümumi fikrinə görə nizamlama yalnız siyasi-diplomatik metodlarla aparılmalıdır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin qeyd edib ki, Rusiya tərəfi vasitəçilik səylərini və Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması barədə razılıq əldə edilməsinə yönəlmiş konsultativ köməklik göstərməyi davam etdirəcək”.

“İkitərəfli gündəliyin mühüm aspektlərinə dair fikir mübadiləsi də aparılıb. Prezident İlham Əliyev Rusiya vaksinlərinin göndərilməsinə görə səmimi minnətdarlığını ifadə edib. Bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsində hər iki tərəfin maraqlı olduğu bildirilib. Hökumətlər, müvafiq nazirliklər və idarələr xətti ilə intensiv təmaslar buna yönəldiləcək.” Tərəflərin bu mövzuda danışdığı da xəbərdə qeyd edilir.

Kreml də V.Putinin İ.Əliyevlə telefon danışığı haqqında xəbər yayıb. Xəbərdə fərqli bir məqam nəzərə çarpmır.

Rusiya Prezidenti Ermənistan Baş naziri ilə də danışıb

Kreml eyni zamanda Prezident V.Putinin İ.Əliyevdən sonra Ermənistan Baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanla da telefon danışığı haqqında xəbər verir.

Kremldən verilən xəbərdə qeyd edilir ki, V.Putin Ermənistan təmsilçisi ilə də Azərbaycan-Ermənistan sərhədindəki durumu müzakirə edib. O da qeyd edilir ki, əvvəlki fikir mübadilələri inkişaf etdirilib: “Əvvəlki fikir mübadilələrinin inkişafı işığında Ermənistan-Azərbaycan sərhədindəki durum geniş müzakirə edildi. Hər iki tərəf sərhəd olaylarının danışıqlar yoluyla təcili həllinə maraq ifadə etdi”.

Ermənistanın əli Kremldən yenə də üzüldü

Kremlin istər Prezident İ.Əliyev, istərsə də Baş nazir əvəzi N.Paşinyanla Rusiya Prezidenti arasında olan telefon danışıqları haqqında yaydığı xəbərlərdən belə qənaətə gəlmək olar ki, V.Putin əvvəlcə Azərbaycan Prezidentinin mövqeyini öyrənməyi vacib sayıb. Ardından da Ermənistan Baş nazirinə bu mövqeyi çatdırıb və yəqin ki, çox da hay-küy salmaması lazım olduğuna işarə edib. Ermənistanın da bu danışıqlarla bağlı sərgilədiyi sakit yanaşma ondan xəbər verir ki, bu ölkə başının ağası olan Rusiyanın tapşırığına uyğun davranmaqdan başqa çarə görmür.

Hər iki telefon danışığı həm də ondan xəbər verir ki, Ermənistanın bu dəfə də üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını işə cəlb etmək cəhdi nəticəsiz qaldı. V.Putin öz zənglərilə bu ümidi də puça çıxardı

Mission News Theme by Compete Themes.