Bayraqdar.info – Özbəkistanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.
Səfər mayın 19-da Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə baş tutub.
Bu barədə bayraqdar.info-ya Baş Prokurorluqdan məlumat verilib.
Məlumatda bildirilir ki, səfər çərçivəsində qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək gül dəstələri düzüblər.
Sonra qonaqlar Şəhidlər Xiyabanını da ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Daha sonra qeyd edilir ki, tədbir proqramının davamı olaraq Baş Prokurorluqda nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib.
Baş prokuror Kamran Əliyev müharibə günlərində düşmən tərəfinin beynəlxalq humanitar hüququn tələblərini kobud surətdə pozmasından danışıb. O, Ermənistanın dinc əhaliyə və mülki obyektlərə ziyan vurmaqla çoxsaylı müharibə cinayətləri törətməsini təəssüflə vurğulayıb.
Məlumatda vurğulanır ki, səmimi qəbula görə Akmal Burxanov minnətdarlıq ifadə edib. O, Azərbaycanda məhkəmə-hüquq sistemində və prokurorluq orqanlarında həyata keçirilən və müsbət nəticələr verən islahatları yüksək dəyərləndirib.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlar Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olublar.