Press "Enter" to skip to content

Bakıda fransız fotoqraf-rəssamın sərgisi keçirlir

Bayraqdar.info – Mayın 20-də Azərbaycan Rəngkarlığı Muzeyində fransalı məşhur fotoqraf Jan-Mark Karaççinin “Homo Urbanus Europeanus” adlı fərdi fotosərgisi açılıb. Sərgi Bakı Küçə Fotoqrafiyası Festivalı çərçivəsində baş tutub.

Xəbəri “Yarat” Müasir İncəsənət Məkanı yayıb.

Xəbərdə deyilir ki, sərgi “Avropa günləri” çərçivəsində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və “YARAT” Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunub.

“Homo Urbanus Europeanus” sərgisi indiyə qədər 27 ölkə – Polşa, Fransa, İspaniya, Bolqarıstan, Almaniya, Böyük Britaniya, Avstraliya, Estoniya, Çexiya, Finlandiya, Makedoniya, Çin, Cənubi Koreya, Sloveniya, Slovakiya, Ukrayna, Xorvatiya, Avstriya, Macarıstan, Qazaxıstan, Burkina-Faso, Kipr, Braziliya, Kot d’İvuar, Zimbabve, Trinidad və Tobaqo, habelə Peruda keçirilib.

Sərginin açılışında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edib. O, bildirib: “27 Avropa paytaxtı haqqında sərgi fərqlilikdən daha çox eyniliyə, avropaçılıqdan çox müxtəlifliyə önəm verilməsini nümayiş etdirir. Bizdən “Biz kimik? Avropa nədir? Harada başlayır və bitir?” deyə soruşur. Jan-Mark Karaççinin “Homo Urbanus Europeanus” sərgisi “Avropa Günü”nü mükəmməl formada qeyd edərək “Avropaya hə” fikrini çatdırır”.

Xəbərdə qeyd edilir ki, “Homo Urbanus Europeanus” sərgisi şəhər fonunda çəkilmiş tənha simaları və ayrı-ayrı şəxsləri nümayiş etdirir. Fotoqraf-rəssam J.M.Karaççi şəhər mənzərələrini sanki bir arxeoloqun müşahidə etmək, axtarmaq, qazmaq və müəyyən məkanları bərpa etmək səyləri kimi təsvir edib. Bu personaj bir qayda olaraq, tək-tənha bütün şəhər boyunca gəzir, dayanır və uzaqdan salamlaşır.

“Yarat” qeyd edir ki, bu layihə 2007-ci ildə Bratislava şəhərində başlayıb. İndiyə qədər layihə çərçivəsində artıq 43 Avropa paytaxtı və metropoliyaya səfər edilib. 2022-ci ildə Jan-Mark Karaççi Bakıya səfər etməyi və Azərbaycanın paytaxtını “Homo Urbanus Europeanus” silsiləsinə daxil etməyi planlaşdırır.

Kuratoru Fəxriyyə Məmmədova olan sərgi mayın 29-dək davam edəcək.

Mission News Theme by Compete Themes.