Son yeniləmə: 20 May 2021 08:08
Bayraqdar.info – Mayın 18-də Vaşinqton mərkəzli Uyğur İnsan Haqları Layihəsi (UHRP) daxil olmaqla 42 qeyri-hökumət təşkilatı ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə müraciət ünvanlayıb.
UHRP-dən bayraqdar.info-ya verilən xəbərə görə, müraciət müəllifləri ABŞ Konqresini Çində uyğurlara qarşı davam edən soyqırımı və insanlıq əleyhinə cinayətlərlə bağlı 317 saylı qətnaməni qəbul etməyə çağırıb.
Eyni zamanda ABŞ Prezidentinin də bu ağır cinayətləri bitirmək üçün bütün mümkün tədbirləri görməsinə çağırış edilir.
“İtirəcək vaxtımız yoxdur. Uyğurlara qarşı olan soyqırımı və insanlıq əleyhinə cinayətlər təcili surətdə diqqətə alınmalıdır”, – deyə müraciət müəllifləri qeyd edib.
Qeyd olunan məsələylə bağlı təşəbbüsü alqışlayan müraciət müəllifləri ümid edir ki, Konqress tezliklə bu məsələni gündəliyə salacaq. Qətnamə ABŞ Prezidentini ölkəsinin “səsinə, sözünə və təsirinə” uyğun olaraq Çinin uyğurlar və digər türk xalqlarına qarşı davam edən soyqırım siyasətini araşdırılması üçün BMT-yə daşımasını ön görür.
Eyni zamanda ABŞ Prezidenti “BMT-dəki daimi nümayəndəni bu məsələni qurumun Təhüləksizlik Şurası səviyyəsində qaldırması üçün” hərəkətə dəvət edilir.
“Diaspordakı və bütün dünyadakı uyğurlar və soyqırımını önləmək, din azadlığı, insan haqları kimi məsələlərlə məşğul olan qruplar bu Qətnamənin tezliklə qəbuluna çağırır”, – deyə müraciətdə bildirilir.
Müraciəti dünyanın müxtəlif tərəflərindən əsasən uyğur təşkilatları imzalayıb. Lakin onların arasında bir sıra yəhudi təşkilatlarının da olması diqqət çəkir.