Press "Enter" to skip to content

XİN-dən Ermənistanın davam edən yalanlarına tutarlı cavab

Leyla Abdullayeva: Azərbaycan hərbi əsir statusu olan bütün erməniləri sərbəst buraxıb və geri qaytarıb

Bayraqdar.info – “Ermənistanın Azərbaycanı erməni “hərbi əsirlərin” saxlanmasında davamlı ittiham edən yalan və iftira dolu iddiaları tərəfimizdən mütəmadi qaydada cavablandırılır. Vurğulamaq istərdim ki, Azərbaycan beynəlxalq hüququn aliliyinə, o cümlədən məhbusların tutulması əməliyyatları və onlarla rəftara aid olan beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları üzrə öhdəliklərinə riayət etməyə sadiqdir. Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi və beynəlxalq humanitar hüquqa əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Azərbaycan hərbi əsir statusu olan bütün erməniləri sərbəst buraxıb və geri qaytarıb.”

Bunu Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan tərəfindən hələ də “hərbi əsirlər”lə bağlı iddialara münasibət bildirərkən deyib.

L.Abdullayeva bildirib ki, üçtərəfli Bəyanatın imzalanmasından bir neçə həftə sonra Azərbaycan ərazisinə qanunsuz göndərilən erməni təxribatçıları həbsdə saxlanılır: “Azərbaycanın topladığı məlumatlar və dəlillərə əsasən, döyüş əməliyyatları bitdikdən sonra – noyabr ayının son 10 günündə Ermənistanın Şirak bölgəsindən 60 nəfərdən çox üzvü olan dəstə Azərbaycan ərazilərinə göndərilib. Bu dəstə 2020-ci il noyabr ayının sonu və dekabr ayı da daxil olmaqla, Azərbaycan mülki şəxslərinə və hərbi qulluqçularına qarşı terror hücumları həyata keçirərək 4 azərbaycanlı hərbçini öldürüb və erməni işğalı illərində dağıdılmış bölgədəki rabitə xətlərinin bərpası üçün sadəcə öz işini görən, mobil rabitə şirkətinin əməkdaşı olan bir mülki şəxsi isə ağır yaralayıb”.

Leyla Abdullayeva deyib ki, Azərbaycan bu şəxsləri həm beynəlxalq, həm də daxili hüquqa uyğun olaraq qanuni əsasda həbsdə saxlayır: “Onlar Azərbaycan qanunvericiliyinə uyğun olaraq törədilmiş qətl, təxribat və digər cinayətlərə görə mühakimə olunurlar. Qanunlara uyğun olaraq hazırda Azərbaycan 44 gün davam edən Vətən müharibəsindən sonra tutulan bütün şəxslərlə bağlı onlara qarşı olan dəlilləri qiymətləndirməklə ətraflı araşdırma aparır. 2021-ci il mayın 4-də ölkəmiz humanitar addım ataraq, saxlanılan şəxslərdən 3-nü ittihamlar irəli sürmədən Ermənistana qaytarıb.

“Ermənistanın məsələni davamlı şəkildə yanlış təqdim etdiyini nəzərə alaraq ölkəmiz saxlanılan şəxslərin saxlanma səbəbləri, şəraiti və onlarla rəftarla bağlı daha çox şəffaflığı təmin edərək, araşdırmanı davam etdirir. Azərbaycan, eyni zamanda, məhbuslara insani münasibət göstərilməsi, onlarla ədalətli və qanuni şəkildə rəftarı təmin etməklə bu xüsusda üzərinə götürdüyü beynəlxalq öhdəliklərini yerinə yetirməyə sadiq qalır”.

Mission News Theme by Compete Themes.