Bayraqdar.info – “Yunanıstan Məclisi və səlahiyyətlilərinin 19 Mayın ildönümü bəhanəsilə verdikləri əsassız və tarixin təhrifinə yönəlik açıqlamaları tamamilə rədd edirik.”
Bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin Yunanıstanda 19 Mayla bağlı səslənən bəzi fikirlərə etirazında öz əksini tapıb.
Türkiyə XİN-dən verilən etiraz açıqlamasında Yunanıstan liderlərinə öz tarixlərinə nəzər salmaq məsləhət görülüb. Türkiyə XİN Yunanıstanı bəhs edilən dövrdə İstintaq Komissiyasının hesabatlarında əks olunan yunan qəddarlığını xatırlamağa çağırıb: “Hərəkətlərinin müharibə qanunlarına zidd olmasının Lozanna Sülh Müqaviləsinin 59-cu maddəsində də öz əksini tapdığını bilən Yunanıstanı tarixi həqiqətləri qəbullanmağa dəvət edirik”.
Açıqlamada Türkiyəyə göz dikmiş imperiyalist güclərə qarşı 19 May 1919-cu ildə ulu öndər Mustafa Kemal Atatürkün liderliyində başladılmış Qurtuluş Savaşının məqsədi barədə bir daha məlumat verilib.
Həm də dönəmin imperiyalist güçlərinin maşası olaraq Anadolunu işğal etməyə çalışan Yunanıstanın bu torpaqlarda gerçəkləşdirdiyi zülmün unudulmamasının vacib olduğu da bildirilib. Qurtuluş Savaşından sonra Yunanıstan Baş naziri Venizelosun 19 May 1919-cu ildə istiqlal mücadiləsinə öndərlik edən Mustafa Kemalı Nobel Sülh Mükafatına namizəd göstərməsi xatırladılıb. Bundan bugünkü yunan liderlərinin dərs götürməsi məsləhət görülüb.