Zeki Öztürk: 19 May 1919-cu il, Qazi Mustafa Kemal Atatürkün türk millətinin müstəqillik inancından aldığı güclə milli mübarizəyə başladığı tarixi bir gündür
Bayraqdar.info – Türkiyənin Gəncədəki baş konsulluğunda Atatürkün anadan olmasının 102-ci ildönümü, Gənclər və İdman bayramı qeyd olunub. Tədbirdə Türkiyənin Gəncədəki baş Konsulu Zeki Öztürk, Gəncə Uşaq Evinn sakinləri, şəhər ictimaiyyətinin və media nümayəndələri iştirak ediblər.
Türkiyənin ölkəmizdəki səfirliyindən bayraqdar.info-ya verilən məlumata görə, tədbir iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk hər il 19 May tarixində qeyd olunan “Atatürkü Anma, Gənclər və İdman Bayramı”nın tarixindən danışıb: “102-ci ildönümündə, 19 May 1919-cu ildə Samsunda Qurtuluş Savaşının ilk addımını atan Qazi Mustafa Kemal Atatürk başda olmaqla, milli mübarizəmizin qəhrəmanlarını və bu münasibətlə bütün şəhidlərimizi, qazilərimizi və qardaş Azərbaycanın 2-ci Qarabağ müharibəsi şəhidlərini dərin hörmətlə yad edirik. 19 May 1919-cu il, Qazi Mustafa Kemal Atatürkün türk millətinin müstəqillik inancından aldığı güclə milli mübarizəyə başladığı tarixi bir gündür”.
Bildirilib ki, 19 Mayda Samsunda yandırılan istiqlal məşəli Amasya, Ərzurum, Sivas və daha sonra Ankara ilə bütün Anadoluya yayıldı: “Bunun nəticəsində 23 aprel 1920-ci ildə Ankarada Türkiyə Böyük Millət Məclisi açılmışdır. Bu Millət Məclisinin apardığı Qurtuluş Savaşında, türk milləti, sinəsini sipər edərək heç bir millətə nəsib olmayan əzm və cəsarətlə vətənini, bayrağını qoruma bahasına epik bir zəfər qazanaraq, 29 oktyabr 1923-cü ildə Cümhuriyyətin elanı ilə mübarizənin uğurunu dünyaya duyurmuşdur. Müstəqillik uğrunda mübarizəmizin simvolu olan 19 mayın Gənclər və İdman Günü elan edilməsi, gələcəyimizin təminatı və ümidimiz olan gənclərə verilən önəmin göstəricisidir. Gənclərimiz, milli mübarizədən bu günə qədər istiqlal şüuru ilə göstərdikləri qəhrəmanlıq və səylərlə ölkəmizin ümidi olduqlarını ortaya qoymuşdur. Gənclərimiz hər zaman tarixlərinə sahib çıxmaları, milli dəyərlərə sədaqət, ümumbəşəri dəyərlərə uyğun ixtisaslı və faydalı olmaları sayəsində ölkəmizi müasir mədəniyyətlər səviyyəsinə daşıyaraq əsas ünsür olacaqlar”.
Baş konsul tədbirin keçirilməsinə dəstək verən Gəncə Şəhər 2 Saylı Uşaq Evinə minnətdarlıq edib: “Bayram sevincini bizimlə bölüşən can Azərbaycanın gənclərinə ölkəmiz adından dostluq və qardaşlıq mesajlarını çatdırırıq. Gələcəyimizin təminatı, ən qiymətli sərvətimiz olan bütün gənclərimizin bayramını ürəkdən təbrik edirik”.