Press "Enter" to skip to content

Sürət həddinin endirilməsi təklif edilir, amma çıxış yolu bu deyil…

Bayraqdar.info – “Paytaxtda yol-piyada təhlükəsizliyi səviyyəsinin artırılması daim dövlətin diqqətindədir. Məqsəd yol-nəqliyyat hadisələrinin sayını minimuma endirməklə vətəndaşların rahatlığı və sağlamlığının qorunmasıdır.”

Bu sözlər Bakı Nəqliyyat Agentliyinin mayın 19-da yaydığı açıqlamasındandır.

Açıqlamada deyilir ki, Azərbaycan dövlətinin və BMT-nin yol-piyada təhlükəsizliyi çağırışlarını əsas götürərək təklif hazırlanıb. Təklifdə paytaxtın bəzi küçə və prospektlərində icazə verilən sürət həddinin endirilməsi nəzərdə tutulur.

“Xocəsən, Bibiheybət, Zığ, Zuğulba, Xarici Dairəvi-1 avtomobil yollarında sürət həddinin endirilməsi təklif edilir. Həmçinin, Bakı-Şamaxı şosesi, Heydər Əliyev, Ziya Bünyadov, Mikayıl Hüseynov, 8 Noyabr və Babək prospektlərində də sürət həddinin endirilməsi nəzərdə tutulub. Təklif razılaşdırılması üçün aidiyyəti dövlət qurumuna göndərilib”, – deyə açıqlamada bildirilir.

O da qeyd edilib ki, adıçəkilən yollar nəqliyyat və piyadaların iştirakı ilə baş verən qəza hadisələrinin ən çox qeydə alındığı yerlərdir. İcazə verilən sürət həddinin endirilməsi ilə yol-nəqliyyat hadisələrinin sayı, həmçinin hərəkət iştirakçılarının ölüm və yaralanma riski azalacaq.

Bayraqdar.info: Çox təəssüf ki, BNA hələ də primitiv həll zolağından çıxa bilmir. Sanki yollarda sürət həddini azaltmaqla nəyisə dəyişə biləcəklər.

Dəyişə biləcəklərmi? Təbii ki, yox.

Çünki adı çəkilən yollardakı piyadalarla bağlı qəzaların səbəbi sürətin yüksək olması deyil. Hər kəsin bildiyi tək bir səbəb var: piyada keçidləri yoxdur. Bəzən yerli-dibli yoxdur. İndi belə yollarda maşınlar yavaş hərəkət etsə nə dəyişəcək?

Üstəlik də o yolların heç də hamısında sürət yüksək deyil. 8 Noyabr prospektində sürət həddi 60 km/saatdır. Yolun durumu da buna imkan verir. İndi bunlar sürət həddini 60 km/saatdan da aşağı endirmək fikrindədir?

Yaxud da Bibiheybət yolunu götürək. Yol olduqca genişdir və piyadaların keçməsi üçün də uyğun deyil. Üstəlik, piyada keçidləri də yox səviyyəsindədir. Piyada keçidi nəzərdə tutulmayan yolda niyə sürət həddi aşağı salınsın ki?

Ziya Bünyadov, Heydər Əliyev prospektləri də o cümlədən. Bu yollar elə məhz yüksək sürət üçün uyğunlaşdırılıb. İndi BNA deyir ki, sürəti aşağı salırıq.

BNA bəlkə piyadaların rahat keçə bilməsi üçün yollarda iş aparsın? Yəni araşdırma aparılsın, piyadaların daha çox keçdiyi yerlərdə bunun üçün şərait yaradılsın. İlk mərhələdə bunu işıqfor vasitəsilə etmək olar. Sonra isə yeraltı və ya yerüstü keçidlər tikmək olar. Yoxsa sürət həddini azaltmaq bir işə yaramaz. Əlavə olaraq da bu, həm sürücülərin cibinə zərər olacaq, həm də ekologiyaya. Bu zərəri də ekoloqlar hesablasın bizcə.

Ümumiyyətlə isə düşünürük ki, ən vacibi Bakının yollarındakı xaosu aradan qaldırmaqdır. Di gəl ki, BNA illərdir bu işin öhdəsindən gələ bilmir…

Mission News Theme by Compete Themes.