Bayraqdar.info – “Peşə təhsilində liderlik və idarəetmə” proqramı 2021-ci il iyul ayının ortalarına qədər davam edəcək. Proqramı uğurla başa vuran iştirakçılar peşə təhsili müəssisələrində direktor və direktor müavini kimi yüksək rəhbər vəzifələrə işə qəbulda üstünlüyə malik olacaqlar.
Bu barədə bayraqdar.info-ya Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Məlumatda deyilir ki, Avropa İttifaqı, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyi gələcək peşə təhsili menecerləri üçün yeni təlim proqramına başlayıb.
Məlumatda o da qeyd olunur ki, 250 müraciətçidən yalnız 25 nəfər 9 həftəlik intensiv proqramda iştirak üçün seçilib. Seçim prosesi müsahibələr də daxil olmaqla 2 mərhələdə baş tutub. Qiymətləndirmə komitəsində PTDA əməkdaşları və layihə mütəxəssisləri yer alıb.
Nəzərdə tutulan təlim kursu 120 saat təşkil edir və 5 modulu əhatə edir. Kursun məqsədi müasir dövrdə peşə təhsil sisteminin tələbləri ilə ayaqlaşmaq üçün iştirakçıları müvafiq bilik və bacarıqlarla təchiz etməkdir.
Proqramın sonunda sessiyaları uğurla başa vuran namizədlər sertifikatla təltif olunacaqlar.
Peşəkar təlim proqramı “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil edilir. Avropa İttifaqının maliyyələşdirdiyi sözügedən layihə BMTİP ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən ortaq şəkildə həyata keçirilir.
Layihənin əsas məqsədi Azərbaycandakı peşə təhsili müəssisələrini müasirləşdirməyə və əmək bazarının mövcud ehtiyaclarına uyğun tədrisin təşkilinə dəstək olmaqdır.