Son yeniləmə: 18 May 2021 23:34
Cihan Özdemir: Azərbaycanda rus modelli, fransız modelli universitetlər olduğu kimi Türkiyə modelli bir universitetin olması gələcəyimiz üçün önəmlidir
Bayraqdar.info – Bir ildən artıqdır ki, dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyası təhsil sahəsinə də mənfi təsir göstərib. Çünki bu virusun geniş yayılmasının qarşısını almaq üçün ölkələrdə ali və orta təhsilə fasilə verilib, yaxud da distant təhsil rejiminə keçilib.
Bundan öncə də qeyd etdiyimiz kimi, məcburən atılmış bu addım öz mənfi təsirini ali təhsilini xaricdə almaq istəyən gənclərə də göstərir. Məsələn, ötən il Türkiyə universitetlərinin bir qismi imtahanlar üçün Azərbaycana nümayəndə göndərməkdən imtina edib. Bu il isə bu cür universitetlərin təxminən 80 faizinin ümumiyyətlə Azərbaycanda imtahan keçirmək istəmədiyi, bir qisminin isə onlayn imtahan kecirəcəyi barədə məlumatlar dolaşır.
Bayraqdar.info olaraq bu problemdən çıxış yolunun necə ola biləcəyinə dair araşdırmalarımız davam edir. Beləliklə, mövzu ilə bağlı növbəti müsahibimiz Prof. Dr. Cihan Özdemir də bayraqdar.info-nun təşəbbüsünə dəstək verdi.
Qeyd edək ki, C.Özdemir hazırda Bilecik Şeyh Edebali Universitetinin Fən Ədəbiyyat Fakültəsi, Türk Dili və Ədəbiyyatı Bölümü başqanıdır. Buna qədər isə o, Türkiyədə, o cümlədən xaricdə elm və təhsilllə bağlı müxtəlif vəzifələrdə çalışıb. Azərbaycana xüsusi sevgisi ilə tanınan C.Özdemir 2017-2020-ci illərdə Bakı Yunus Emre İnstitutunun müdiri olub. Onun rəhbərliyi dövründə Bakı Yunus Emre İnstitutu Azərbaycan-Türkiyə qardaşlığından güc alan bir sıra mühüm layihələrə imza atıb.
Bayraqdar.info: Hörmətli Cihan bəy, bəlli olduğu kimi pandemiya səbəbindən artıq iki ildir Türkiyə universitetlərinin böyük əksəriyyəti qəbul imtahanları keçirmək üçün Azərbaycana gələ bilmir. Belə bir vəziyyət pandemiyadan öncə hər il ali təhsil üçün Türkiyə üniversitetlərini seçən azərbaycanlı gənclərin qardaş ölkədə ali təhsil imkanlarını çətinləşdirməkdədir. Mövcud durumda Azərbaycanda Türkiyə universitetlərinin ortaq imtahan mərkəzinin formalaşdırılması ideyasına necə baxırsınız?
Cihan Özdemir: Məlum olduğu kimi, əvvəllər Türkiyə universitetlərinə xaricdən tələbə qəbulu bir mərkəzdən aparılırdı. Yabancı Öğrenci Sınavı dediyimiz bu imtahan uğurlu şəkildə təşkil edilirdi. Lakin sonradan, səhv etmirəmsə, müxtəlif universitetlərdən gələn təklif əsasında bu sahədə universitetlərə sərbəstlik verildi. Yəni YÖS-ün keçirilməsi onların öhdəsinə buraxıldı.
Ancaq uzun müddət xaricdə fəaliyyət göstərmiş biri olaraq bu sərbəstliyin bəzi problemlərə yol açdığını gördüm. Bunu təkcə Azərbaycan üçün demirəm, ümumiyyətlə xaricdən tələbə qəbulu üçün YÖS sisteminin, imtahanlar vahid mərkəzdən aparılmaqla bərpasına tərəfdaram. Hesab edirəm ki, Türkiyə universitetlərinə xaricdən tələbə qəbulunun bütün ölkələrdə eyni gündə, eyni saatda həyata keçirilməsi faydalı olar. Bu zaman o dediyim bəzi problemlər də aradan qalxacaq.
Çünki universitetlərə xarici tələbə qəbulu imtahanlarında sərbəstlik verilməsindən bəzi şirkətlərin sui-istifadə etdiyinə dair məlumatlar alırıq. Dövlətimiz üçün son dərəcə həssas olan bu məsələyə özəl şirkətlərin müdaxiləsi, imtahan məsələsinin az qala ticarət halına gətirilməsi yolverilməzdir.
Bir sözlə, bu məsələnin ciddi bir şəkildə müzakirə edilməsi və nəticələnməsi lazımdır. Beləliklə, konkret olaraq sualınıza cavab olaraq deyim ki, Yükseköğretim Kurumunun (YÖK) Azərbaycanda YÖS imtahanını bəlli bir tarixdə mərkəzləşdirlimiş şəkildə keçirməsi məqsədəuyğundur. Vahid imtahanda iştirak edən azərbaycanlı gənclər oxumaq istədikləri universitetləri qeyd edər, topladıqları bala uyğun da həmin yerlərdən birinə daxil olarlar.
Bayraqdar.info: Hazırda Türkiyənin Azərbaycanda hər hansı bir universiteti fəaliyyət göstərmir. Belə bir durumda Azərbaycanda Türkiyə universitetlərinin filiallarının açılması iki qardaş xalqın gələcəyi baxımından önəmli olmazdımı?
Cihan Özdemir: Türkiyənin imkanları geniş olan, bəlli bir tarixə sahib universitetlərinin arzu etdikləri təqdirdə və YÖK-ün icazəsilə Azərbaycanda filiallar açması faydalı olar. Amma bunu da bir kampaniya halına gətirmək olmaz. Yəni istənilən bir universitetin sabah qalxıb Azərbaycanda filial, yaxud şöbə açmağa girişməsinin xeyirdən çox ziyanı ola bilər. Sonradan xəyal qırıqlığına uğramamaq üçün dövlətin diqqətli və həssas davranaraq bəlli imkanalara sahib olan universitetlərə bu icazəni verməsi lazımdır. Bu işdə bir elm adamı kimi mənim də üzərimə hansısa vəzifə düşərsə, məmuniyyətlə yerinə yetirməyə hazıram.
Bayraqdar.info: Bəs yaxın gələcəkdə Azərbaycan-Türkiyə ortaq universitetinin qurulması ideyasına necə yanaşırsınız?
Cihan Özdemir: Öncə onu deyim ki, Azərbaycanda Türkiyə modelinə əsaslanan bir universitetnin qurulması müsbət addım olardı. Təbii ki, bu zaman Azərbaycan dövlətinin mövcud qanunları da əsas götürülməlidir. Yəni Azərbaycanda rus modelli, fransız modelli universitetlər olduğu kimi Türkiyə modelli, YÖK-ə bağlı bir universitetin olması gələcəyimiz üçün önəmlidir. Bu cür universitetin rəhbər heyəti, həmçinin akademik kadr heyətinin müəyyən bir qismi Türkiyədən gələ bilər. Eyni zamanda Azərbaycandan və digər xarici ölkələrdən müəllimlər də bu univrsitetə cəlb edilə bilər.
Başqa bir tərəfdən təbii ki, Qırqızıstan və Qazaxıstanda olduğu kimi Azərbaycanda da dediyiniz təklifə uyğun olaraq Türkiyə-Azərbaycan ortaq universiteti qurula bilər. Yəni bunların hamısı reallaşması mümkün ola bilən məsələlərdir. Təbii ki, bu baş tutarsa bir millət – iki dövlət fəlsəfəsi əsasında addımlar atan iki qardaş ölkəninn əlaqələri daha da dərinləşəcək. Bu işdə bir elm adamı kimi mənim də üzərimə hansısa vəzifə düşərsə məmuniyyətlə yerinə yetirməyə hazıram və bundan qürur duyaram.