Son yeniləmə: 19 May 2021 11:07
“La Razón” qəzeti: Azərbaycan azad edilmiş ərazilərinin bərpası və məcburi köçkünlərin geri qayıdışı üçün səylərini artırır
Bayraqdar.info – Hazırda Azərbaycanın başlıca hədəfi işğal dövründə Ermənistan tərəfindən qovulmuş 1 milyona yaxın məcburi köçkünümüzün geri qaytarılmasıdır. Bu məqsədlə geniş miqyaslı yenidənqurma işləri aparılır. Ancaq bu məqsədin həyata keçirilməsi üçün bir sıra maneələr mövcuddur.
Bu fikirlər Azərbaycanın Meksika və sair bölgə ölkələrindəki səfiri Məmməd Talıbovun bu Perunun “La Razón” qəzetinə müsahibəsində öz əksini tapıb.
Səfirlikdən bayraqdar.info-ya verilən məlumata görə, müsahibədə bir sıra vacib məqamlara toxunulub. Azad edilmiş şəhər və qəsəbələrdə yaşayış infrastrukturunun ermənilər tərəfindən tamamilə dağıdıldığı, ölkəmizə aid tarixi-mədəni irsin məhvinə cəhd edildiyi bildirilib. Burada geniş sahələrin sıx minalandığı, Ermənistanın beynəlxalq humanitar hüquqa zidd olaraq minaların yerləşmə xəritəsini verməkdən imtina etdiyi bildirilib. Həmçinin mülkü vətəndaşların təhlükəsizliyini təmin etmək üçün beynəlxalq ictimaiyyətin bu məsələyə ciddi münasibət bildirməsi gərəkliliyi qeyd olunub.
Müsahibədə bölgədə sabitliyə təhlükə törədən digər bir məqama da toxunulub. Ermənistanda münaqişənin bitdiyini qəbul etməyən, yeni hərbi qarşıdurmaların yaranmasını təşviq edən qisasçı və radikal milliyətçi qüvvələrin meydana çıxdığı bildirilib. Regionda davamlı sülhün təmin edilməsi üçün Ermənistanın bu kimi yanaşmalardan, ərazi iddialarından və təcavüzkar siyasətindən əl çəkməli olduğu söylənilib.
Sonda Azərbaycanın onilliklərlə davam edən işğal vəziyyətinə rəğmən əldə etdiyi iqtisadi uğurlardan bəhs olunub. Bölgədə Türkiyə və Gürcüstanın da iştirakı ilə reallaşdırılan iri miqyaslı enerji və infrastruktur layihələri haqda məlumat verilib. Bu günə qədər ölkəmiz tərəfindən bu sahədə həyata keçirilmiş uğurlu təşəbbüslərin regionun münaqişədən sonrakı inkişafına öz töhfəsini verəcəyi bildirilib. Habelə pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən tədbirlər və cari ildən etibarən aparılan peyvəndləmə prosesi haqda danışılıb.