Bayraqdar.info – Axtarışda olan Azərbaycan vətəndaşları Tehranda Azərbaycan səfirliyi qarşısında aksiya keçirib.
Aksiya İranın SEPAH və “Bəsic” qüvvələrinin təşkilatçılığı və iştirakı ilə mayın 16-da Azərbaycan Respublikasının Tehrandakı səfirliyi qarşısında təşkil olunub.
Aksiya iştirakçıları İsrailin keçirdiyi anti-terror əməliyyatlarını “vəhşi hücum” adlandırıb, müsəlman ölkələrini və beynəlxalq təşkilatları Fələstin məsələsi ilə bağlı əməli tədbirlər görməyə çağırıb.
Başlarına dini şüarlar yazılmış yaylıqlar bağlayan və Azərbaycan bayraqlarını qaldıran aksiyaçılar İsrail və Azərbaycan əleyhinə şüarlar səsləndirib, İsrail bayrağını yandırıblar.
İranın “TASNİM” xəbər agentliyi aksiyanın “İranda dini təhsil alan tələbələr” tərəfindən keçirildiyini iddia edib. Lakin müstəqil media aksiyanın SEPAH terror təşkilatı və “Bəsic” qüvvələri tərəfindən təşkil olunduğunu yazır.
Aksiyada cinayət əməllərinə görə Azərbaycan Respublikası tərəfindən axtarışa verilmiş və İrana sığınan bir neçə şəxs də iştirak edib.
Qeyd edək ki, həmin şəxslərdən bəziləri, o cümlədən Tohid İbrahimbəyli 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan əleyhinə bəyanat verib. O, verdiyi müsahibələrdə Azərbaycanın Qarabağın azad edilməsi üçün keçirdiyi əməliyyatları “oyun” adlandırıb və vətəndaşları bunun əleyhinə çıxmağa çağırıb.
C.E
Qaynaq: GünAz.TV