Bayraqdar.info – Mayın 18-də Bakı Uşaq və Gənclər Teatrı və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Sözün nizamı” adlı onlayn tədbir keçirilib. Tədbir dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilib.
Xəbəri Bayraqdar.info-ya mayın 19-da Bakı Uşaq və Gənclər Teatrından veriblər.
Teatrdan bildirilib ki, tədbirdə Sabirabad RMİ əməkdaşları, Bakı Uşaq və Gənclər Teatrının kollektivi iştirak edib.
“Tədbirdə Teatrın direktoru, Əməkdar artist İntiqam Soltan Şərq və dünya intibah dövrünün görkəmli nümayəndəsi olan Nizami Gəncəvinin həyatı və zəmanəsi haqqında iştirakçılara məlumat verib. Bildirib ki, Azərbaycan şairinin yaradıcılığının təbliği ilə əlaqədar silsilə tədbirlərin təşkili vacibdir.
“Daha sonra Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə 2021-in “Nizami Gəncəvi ili” elan edilməsini azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürü kimi dəyərləndirib. O, bunu milli-mənəvi dəyərlərə hörmətin bariz nümunəsi kimi səciyyələndirib”, – deyə xəbərdə bildirilir.
Bayraqdar.info-nun xəbərinə görə, tədbirin gedişində Teatrın senaristi, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan “kahoot.it” platforması vasitəsilə Nizami Gəncəvinin həyat və yaradıcılığına aid sual-cavab yarışması keçirib. Yarış iştirakçıların marağına səbəb olub.
Teatrın aktyorları – Mehman Piriyev, Niyaz İlyasoğlu, Gülər Ləzgiyeva, Gülnar Əlizadə, Ədalət Ağaverdiyev, Əfruz Əliyeva, Toğrul İsabəyli və Röyal Allahverdiyev tədbirin bədii hissəsində Nizami poeziyasından nümunələrlə çıxış edib.
Həmçinin, teatrın yaradıcı kollektivi tərəfindən şairin qəzəlinə bəstələnmiş musiqi səsləndirilib, əsərlərinə həsr olunmuş kompozisiya nümayiş olunub.