Bayraqdar.info – Güney Türküstan (Əfqanıstan) türkləri də dövlətin onlara qarşı yoxetmə və basqı siyasəti tətbiq etməsindən narahatdır. Bununla bağlı Güney Türküstandakı mənbələrimizin göndərdiyi xəbərlərdə deyilir.
Bugünlərdə ölkənin Fəryab vilayətində məhz bu siyasətə etiraz olaraq yürüş keçirilib. Özü də silahlı və Güney Türküstan bayrağı altında.
Təşkilatçıların yaydığı xəbərə görə, Əfqanıstan özünün ən çətin günlərini yaşamaqdadır. Ölkənin şəhər mərkəzləri xaric əksər bölgələrində duruma Taliban nəzarət edir. Bu isə ən azından ölkənin 70 faizi deməkdir.
Türklərin sıx yaşadığı Fəryab vilayəti də ümumi durumdan öz nəsibini almaqdadır. Bundan əlavə, bir ay öncə vilayətə yerli əhalinin tanımadığı və bu üzdən də qəbul etmək istəmədiyi birinin vali təyin edilməsi durumu daha da ağırlaşdırıb.
Fəryablılar inanır ki, belə bir təyinat məqsədli şəkildə həyata keçirilib. Bunun əsas məqsədi ölkədəki iç savaşı Güneydən Quzeyə – türklərin sıx yaşadığı ərazilərə daşımaqdır. Məhz etiraza səbəb olacağını bildiyi halda hökumət türk bölgələrinə türk olmayanları vəzifə sahibi kimi göndərir.
“Quzey Əfqanıstanın Orta Asiyanın qapısı olduğunu göz önünə gətirsək, mərkəzi hökumətin nədən savaş coğrafiyasını Güneydən Quzeyə daşıdığını daha yaxşı anlaya bilərik. Güney Türküstana türk dünyasından dəstəyin çox az olduğunu düşünürük. Rıcamız budur ki, səsimizi bütün ülküdaşlarımıza çatdırasınız”, – deyə Güney Türküstanlılar səslənir.