Press "Enter" to skip to content

Zəfər yolu üzərində arxeoloji tədqiqatlar da aparılmalıdır

Müəlliflər Şəkərcik kurqanlarında

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu tərəfindən işğalçılardan azad edilmiş ərazilərdə intensiv tikinti-quruculuq işləri həyata keçirilir. Ölkə rəhbərliyinin birbaşa nəzarəti altında, hazırda Respublikamızın qarşısında duran ən ümdə vəzifə – Qarabağda iri miqyaslı bərpa işləri təxirə salınmadan icra edilir.

Bu gün Qarabağda Füzuli rayonunun ərazisi böyük tikinti meydanını xatırladır. Buradan Şuşa şəhərinə çəkilən Zəfər yolu Köndələnçay və Quruçay hövzələrindən keçir. Qədim abidələrlə zəngin olan bu iki çayın arasını mübaliğəsiz olaraq “Kiçik Mesopotamiya” adlandırmaq olar.

Təsərrüfat həyatı üçün əlverişli və münbit bir məkan olan bu çayların arasında Qədim Daş dövründən (Azıx və Tağlar mağaraları) Son Orta əsrlərə qədərki tarixi mərhələləri əhatə edən tarixi-arxeoloji abidələr mövcuddur. Buradakı zəngin təbii və mədəni landşaftı qorumaq üçün ərazinin təcili şəkildə tarixi qoruq elan edilməsinə ehtiyac duyulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən daxil olmuş məlumata görə, inşa edilən Zəfər yolunun marşrutunda, Füzuli rayonu ərazisində kurqanların olduğu bildirilirdi. Bu məlumatı yoxlamaq üçün 6 may 2021-ci il tarixində Füzuli rayonuna bir günlük səfərdə olduq. Tikinti mütəxəssisləri ilə birgə abidələrə zərər vurmamaq məqsədilə inşaat işlərinin dayandırıldığı sahəyə baxış keçirdik.

Müəyyən edildi ki, Şəkərcik kəndi yaxınlığında, inşa edilən Zəfər yolunun 35,4-cü km-də, qeyd olunan kəndin qəbiristanlığının ətrafında hündürlüyü 10 m-ə yaxın olan iki təpə yerləşir. Onların birinin diametri 35 m, digərinin diametri isə 40 m-dir.

Çox böyük ehtimalla bu təpələr iri ölçülü kurqan tipli qəbir abidələridir. İşğal dövründə bu təpələrin hər birinin qərb ətəyində bir səngər qazılmışdır. Kurqanlar Şəkərcik kəndinin qəbiristanlığı ilə Köndələnçay üzərində tikilmiş su bəndinin arasındakı ərazidədir.

Eyni zamanda, bu sahədə Xocalı-Gədəbəy mədəniyyətinə aid Son Tunc – İlk Dəmir dövrünün yaşayış yerinin əlamətləri olan obsidiandan (vulkanik şüşə) hazırlanmış alətlər və saxsı qab fraqmentləri toplanıldı.

Xatırladaq ki, hələ ötən əsrin 60-70-ci illərində arxeoloq Q.İsmayılzadə tərəfindən bu ərazidə – Köndələnçayın sağ sahilində bəhs olunan dövrə aid Şəkərciktəpə yaşayış yeri qeydə alınmış və oradan yerüstü maddi-mədəniyyət nümunələri aşkar edilmişdir.

Onu da qeyd edək ki, baxış keçirilən sahənin sıx və hündür otlarla örtülü olması, eyni zamanda güclü yağışdan sonra ətraf yerlərin palçıqlı olması ərazidə geniş müşahidələr aparmağa imkan verməmişdir. İstənilən halda bu sahə kurqanlarla birlikdə tarixi-arxeoloji əhəmiyyətə malikdir. Gələcəkdə arxeoloji qazıntılar göstərilən abidələrin təyinatı barədə daha dəqiq fikir yürütməyə imkan verəcəkdir.

Qısa müddətli tədqiqat zamanı Füzuli şəhərinin şimal-şərqində, Zəfər yolu ilə Köndələnçay arasında, təxminən 650 m (şərq-qərb) x 350 m (şimal-cənub) sahəni əhatə edən məşhur Qarabulaq kurqan çölünə də nəzər yetirilmişdir. Burada iri ölçülü 20-dən artıq kurqan vardır. Hələ XIX əsrin sonlarında Moskva Arxeoloji Cəmiyyətinin üzvü A.A.İvanovski bu kurqanlardan beşini qazmışdır. Əlbəttə, onun bu fəaliyyəti arxeoloji qazıntı qaydalarına zidd olaraq kurqanların yalnız mərkəzi hissəsinin qazılması ilə həyata keçirilmişdir.

Bundan əlavə, inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa yolunun 26-cı km-də, Füzuli şəhərinin xarabalıqlarına aparan köhnə Qaraxanbəyli-Füzuli yolunun sol kənarında, Ələsgərli kəndindən 1,5 km şərqdə Yedditəpələr adlandırılan sahədə 20-dən artıq kurqan diqqəti cəlb edir. Onların bəzilərinin üzərində işğal dövründə düşmən tərəfindən səngər qazılmış və bu abidələrə zərər yetirilmişdir.

Burada kurqanların əksəriyyəti şimal-cənub istiqamətində bir xətt üzrə düzülmüş, bir neçəsi isə bu düzümün sağ və solunda yerləşmişdir. Yedditəpə ərazisi hələ minalardan təmizlənmədiyindən burada ətraflı müşahidə aparmaq mümkün olmamışdır. Bununla belə, yol çəkilişi ilə bağlı nəzərdə tutulan plana görə, xətlərdən birinin buradan keçəcəyini nəzərə alaraq mina təmizləmə işlərindən sonra ərazidə arxeoloji araşdırmaların aparılması zəruridir.

Yedditəpə kurqanları

Quruçayın və Köndələnçayın Füzuli rayonu ərazisindəki sahilləri Tunc dövrünün (e.ə. III-II minilliklər) yaşayış yerləri və qəbir abidələri ilə zəngindir. Buradakı kurqanlar Qarabağın, o cümlədən bütövlükdə Azərbaycanın Tunc dövrü dəfn adətlərinin, antropologiyasının, maddi mədəniyyətinin tədqiq edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Beləliklə, yalnız bir gün ərzində Köndələnçay vadisindən Zəfər yolunun inşaat işlərinin təsir zolağında 40-dan artıq arxeoloji abidənin olması müəyyən edilmiş və bir neçə yeni abidə aşkar olunmuşdu. Bütün bunları nəzərə alaraq qeyd edilən sahələrdə və ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti işləri zamanı arxeoloji tədqiqatların da aparılmasını zəruri hesab edirik. Qarabağda həyati əhəmiyyət kəsb edən bərpa-tikinti-quruculuq işləri ilə yanaşı arxeoloji tədqiqatların təşkil edilməsi abidələrimizin xilasına, tarixi-mədəni irsimizin tədqiq edilməsinə xidmət etmiş olardı.

Prof. Dr. Nəcəf Müseyibli,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
elmi işlər üzrə direktor müavini

Dos. Tarix ü. f. d. Təvəkkül Əliyev,
İnstitutun “Çöl tədqiqatları” sektorunun müdiri

Mission News Theme by Compete Themes.