Press "Enter" to skip to content

Ukrayna yaxın tərəfdaşı Türkiyəni işğalçı sayırmış…

Bayraqdar.info – Mayın 17-də Ukrayna Prezidenti Ofisi başçısının müavini İhor Jovkva Kıbrıs Respublikası Prezidenti Diplomatik Ofisinin rəhbəri Kıriakos Kourosla telefon əlaqəsi saxlayıb.

Bayraqdar.info-ya bu xəbəri Ukrayna Prezidentinin Ofisindən veriblər.

İ.Jovkva Kıbrıslı diplomatı ölkəsində baş verənlərlə bağlı bilgiləndirib. Özəlliklə də Rusiya silahlı qüvvələrinin hələ də davam edən təhdidi haqqında danışıb. O, qeyd edib ki, qonşu dövlət öz qoşunlarının müəyyən bir hissəsini ərazidən uzaqlaşdırsa da Ukrayna sərhədlərində və işğal altındakı Krımda Rusiya təhlükəsi qalmaqda davam edir.

Ukrayna təmsilçisi Kıbrıs məsələsinə də toxunub. O, Ukraynanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə sadiq qaldığını deyib. İ.Jovkva ölkəsinin Kıbrısın ərazi bütövlüyündən yana olduğunu deyib. Eyni zamanda əlavə edib ki, adadakı məsələlərin dinc yolla həllindən yanadırlar.

Onun daha sonra işlətdiyi ifadə isə, yumşaq desək, həm Ukraynanın yaxın tərəfdaşı olan Türkiyə, həm də Kuzey Kıbrıs Türk Cümhuriyyəti üçün heç də xoş bir hal sayıla bilməz.

“Bizim ölkələrimiz öz təcrübəsindən bilir ki, ərazinin müvəqqəti işğal edilməsi nə deməkdir və məsələnin dinc yolla həlli üçün nə qədər cəhdlərə gərək var.” Qeyd etdiyimiz kimi, bu sözləri Ukrayna dövləti adına danışan İ.Jovkva Kıbrıs rum kəsiminin diplomatına deyib.

Daha sonra Ukrayna təmsilçisi Kıbrıs rum kəsiminin təmsilçisinə ümidini ifadə edib ki, bu ilin avqustunda Kiyevdə keçiriləcək Krım Platformasında onların təmsilçisi Nikos Anastasiades də iştirak edə biləcək.

Yəqin ki, bu telefon əlaqəsi Ukraynanı bütün platformalarda dəstəkləyən Türkiyənin heç də xoşuna gələn deyil. Çünki burada Ukrayna nümayəndəsi Kıbrısın işğalına açıq eyham vurur və bununla da, əslində, Türkiyəni işğalçı kimi qeyd etmiş olur. Əlbəttə, Ukraynaya bu qədər yaxından dəstək verən Türkiyə və təbii olaraq Kuzey Kıbrıs Türk Cümhuriyyəti belə yanaşmanı sakit qarşılaya bilməyəcək.

Mission News Theme by Compete Themes.