Son yeniləmə: 18 May 2021 17:53
Bayraqdar.info – Beynəlxalq Muğam Mərkəzi (BMM) “Dəyirmi masa” layihəsi çərçivəsində tədqiqat işlərini davam etdirir.
Bu barədə layihənin koordinatoru, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı bayraqdar.info-ya məlumat verib.
O, bildirib ki, layihənin məqsədi milli musiqi alətlərimizi böyük auditoriyaya tanıtmaqan ibarətdir.
“Dəyirmi masa” layihəsinin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynovdur.
“Bu yaxınlarda biz layihə çərçivəsində Milli Tarix Muzeyində qorunan alətlərin vəziyyəti ilə yaxından tanış olduq. Baxış zamanı muzeydəki qədim tar və kamançaların bir çoxunun təmirə və bərpaya ciddi ehtiyacının olduğunu gördük. Muzey rəhbərliyi ilə belə qərara gəldik ki, burada saxlanılan qədim musiqi alətlərini təmir etmək missiyasını öz üzərimizə götürək.
“Bundan sonra alətlərin təmiri işi ilə məşğul olmağa başladıq. Qədim musiqi alətlərinin təmir işini Milli Konservatoriyanın Qədim Musiqi Alətlərinin Bərpası Laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov həyata keçirir. Bərpa edilən alətlər sırasında 1883-cü ilə aid olan kamança, Üzeyir Hacıbəylinin böyük qardaşı Zülfüqar Hacıbəyliyə, maestro Niyaziyə məxsus tar, kamança və digər qədim alətlər yer alır”, – deyə Gülhüseyn müəllim bildirir.
Koordinator onu da qeyd edir ki, BMM bu layihələri bir neçə yerli və xarici mədəniyyət ocağı ilə imzalanmış qarşılıqlı memorandum əsasında həyata keçirir.
Gülhüseyn müəllimin sözlərinə görə, layihə çərçivəsində indiyə qədər “Aşıq sənətinin bu günü və gələcək perspektivləri”, “Muğamlar və qəzəllər”, “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri”, “Azərbaycan mədəniyyəti dünən, bu gün və gələcəkdə” adlı beynəlxalq elmi konfranslar təşkil edilib.
Bundan başqa, “Orta əsr musiqisi və musiqi alətləri”, “Kamançanın əmsallarının, kamança ailəsinin və kamanlı alətlərin ölçü sistemlərinin təyin edilməsi”, “Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi” adlı elmi-praktiki konfranslar da keçirilib.