Press "Enter" to skip to content

“Həyat dolu küçələr – 30-la sür!” kampaniyası

Bayraqdar.info – Mayın 17-dən 23-dək BMT-nin VI Qlobal Yol Təhlükəsizliyi Həftəsi keçirilir. Bakı Nəqliyyat Agentliyi (BNA), BMT-nin Azərbaycandakı nümayəndəliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisi bu münasibətlə “Həyat dolu küçələr” kampaniyasına başlayıb.

BNA-dan Bayraqdar.info-ya bildirilib ki, kampaniyanın əsas şüarı piyada və velosipedçilərin sıx olduğu küçələrdə avtomobillərin sürətinin 30 km/saata endirilməsidir.

Videokonfrans formatında kampaniyanın açılış tədbiri də olub. Tədbirdə BNA-nın sədri Vüsal Kərimli, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai iştirak ediblər. Həmçinin, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı, İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyasının baş katibi Məhəmməd Mezgani də videokonfransda çıxış edib.

V.Kərimli “Həyat dolu küçələr” kampaniyasının paytaxtda yol-piyada təhlükəsizliyinin, mobillik imkanlarının artırılmasına töhfələr verəcəyinə ümid etdiyini deyib.

BNA-nın məlumatına görə, kampaniyanın əhəmiyyətini qeyd edən Q.İshaqzai bildirib ki, avtomobil yollarında ölüm riskini azaltmaq dayanıqlı inkişaf məqsədlərinə nail olmaq baxımından çox vacibdir.

Bayraqdar.info-nun məlumatına görə, M.Mezgani də diqqəti avtomobillərin tutduğu geniş şəhər ərazisindən daha səmərəli istifadənin mümkünlüyünə yönəldib. Baş katibin qənaətincə, bu ərazilərin piyadalar, velosipedçilər və ictimai nəqliyyat üçün ayrılması daha faydalı olar. Onun sözlərinə görə, mobillik şəhəri qoruyaraq insanların hərəkətliliyini təmin etməyə kömək edir.

M.Mezgani xarici şəhərlərin təcrübəsindən nümunə göstərərək avtobus zolaqlarının vacibliyinə də toxunub. Qeyd edib ki, ictimai nəqliyyatdan istifadənin digər bir üstünlüyü də ekoloji amillərlə bağlıdır.

“Yol-nəqliyyat qəzaları uşaqlar və gənclər arasında ölüm hallarının əsas səbəbidir.” Bu fikri ÜST-ün Azərbaycandakı nümayəndəsi H.Harmancı öz çıxışında qeyd edib. Yol təhlükəsizliyinə vahid yanaşmanın lazım olduğunu bildirən ÜST təmsilçisi şəhərlərdə aşağı sürətin üstünlüklərini vurğulayıb. Piyadaların, velosipedçilərin və digər yol iştirakçılarının təhlükəsizliyi üçün sürət həddini 30 km/saat ilə məhdudlaşdırmağa çağırıb.

Mission News Theme by Compete Themes.