Press "Enter" to skip to content

Beynəlxalq Muzeylər Günündə peşəkar muzeyçi ilə peşəkar söhbət

Pakizə Mehdiyeva iş otağında

Son yeniləmə: 17 May 2021 22:09

Bayraqdar.info – 18 may Beynəlxalq Muzeylər Günüdür. 1977-ci ildən qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (International Council of Museums – ICOM) təşəbbüsüylə keçirilir bu gün.

Azərbaycan da muzeylər ölkəsidir. Burada istər paytaxtda, istərsə də bölgələrdə çox sayda muzey ziyarətçilərə xidmət göstərir.

Bir çox hallarda insanlar paytaxt muzeyləri haqqında geniş məlumatlı olur, onları daha çox və həvəslə ziyarət edir. Özəlliklə də xarici qonaqlar – turistlər.

Əlbəttə, bölgə muzeyləri də ziyarətçi kasadlığı yaşamır. Amma bəzən bu muzeylərin arxa planda qaldığı hallar da olmamış deyil.

Bölgə muzeylərindən söz düşmüşkən, 27 illik işğal dövründə Ermənistanın Azərbaycan torpaqlarındakı muzeyləri yıxıb talaması da mütləq diqqət cəlb edəcək məsələdir. Bəllidir ki, hazırda azad edilmiş, lakin xarabalıqları qalmış o torpaqlarda işğala qədər 22 muzey olub. O muzeylərin hamısı Ermənistan işğalçıları tərəfindən talan edilib, dağıdılıb. İndi orada muzey divarlarının qalıqlarından başqa bir şey yoxdur.

Ümumilikdə isə Azərbaycanda 200-dən çox muzey var. Onların önəmli bir qismi bölgələrin payına düşür. Bunlar əsasən tarix diyarşünaslıq muzeyləridir. Belə muzeylərdən biri də Xaçmaz Tarix Diyarşünaslıq Muzeyidir.

Bayraqdar.info Beynəlxalq Muzeylər Günündə məhz bölgə muzeyinə müraciət etməyi qərara alıb. O baxımdan özünün fəallığıyla ölkədə diqqət çəkən Xaçmaz Tarix Diyarşünaslıq Muzeyini diqqət mərkəzinə gətiririk.

Yeri gəlmişkən əlavə edək ki, Muzey 1981-ci ildə Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi dövrdə şəxsən ulu öndərin öz iştirakı ilə açılıb.

1981. Ulu öndər Heydər Əliyev Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin açılışında

Bu muzeyin üzərində dayanmağımız həm də onun direktoru Pakizə Mehdiyevanın fəallığı, vətənpərvərliyi və yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilməsindən irəli gəlir. Pandemiya şəraitində olduğumuz halda belə P.Mehdiyeva və başçılıq etdiyi Muzey bir an olsun fəallığından qalmır.

Mehdiyeva Pakizə İskəndər qızı

1971-ci ildə Xaçmaz rayonunda anadan olub. 1987-ci ildə Xaçmaz şəhərindəki C.Cabbarlı adına 6 nömrəli orta məktəbi əla qiymətlərlə bitirib.

Muzeyin içərisində

1989-cu ildə Azərbaycan Dövlət Universitetinə (indiki BDU) qəbul olunub. Təhsilini əyanidən qiyabiyə keçirərək 1990-cı ilin sonundan əmək fəaliyyətinə başlayıb.

Xaçmaz Tarix Diyarşünaşlıq Muzeyində əvvəlcə ekskursiyaçı, sonra baş fond mühafizi vəzifələrində işləyib.

2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə ikinci təhsilini alıb.

2015-ci ildən muzeyin direktor əvəzi, 2017-ci ildən isə direktoru vəzifəsində işləyir.

Pakizə xanım deyir ki, “fəaliyyətim dövründə muzeyimizin inkişafı üçün bütün bilik və bacarığımı sərf etməyə çalışmışıq. Onun dərəcəsini yüksəltmiş, bərpa mərkəziylə əlaqə quraraq bərpaya ehtiyacı olan eksponatları bərpa etdirmiş, bir sıra böyük miqyaslı tədbirlərə imza atmışıq”.

Muzey bir sıra diqqət çəkən tədbirlərlə də fərqlənib: “Azərbaycan örpəyi” , “Qədimdən bugünə”, “Vətən naminə”, “Dəmir izlər”, “Milli geyim incilərimiz”, “Aprel günəşi” və digər geniş miqyaslı tədbirlər hətta Respublika səviyyəsində də diqqət çəkib.

P.Mehdiyeva işlədiyi müddətdə dəfələrlə Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəxri fərmanları, Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzin fəxri diplomu, Azərbaycan Xalça Muzeyinin 50 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxışına görə fəxri fərman və digər təltiflərə layiq görülüb.

Hərbi vətənpərvərliyə könül verib

“Ən əsası, fəaliyyətimin ən yüksək qiymətləndirdiyim məqamı hərbi vətənpərvərlik yönündə keçirdiyim tədbirlər və araşdırmalarımdır. Məhz bu sahədə fəaliyyətimlə əlaqədar 2018-ci ildə “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif olunmuşam. Bu, mənim üçün böyük qürurdur”, – deyir P.Mehdiyeva.

Bayraqdar.info bu peşəkar muzey rəhbərinə ziyarətçilərlə bağlı sual verir. Cavabında P.Mehdiyeva deyir: “Ziyarətlə bağlı rayon muzeyləri paytaxt muzeylərinə nisbətən hər zaman çətinliklə üzləşib. Bizim muzeydə əsasən yaz, yay ayları ziyarətçi sayı daha çox olur. Yaz ayları məktəblilərin, yay ayları isə turistlərin gəlişi ilə xarakterik olur. Digər aylarda gəlişlərin sayı nisbətən az olur”.

Bəs pandemiya muzeyin işinə necə təsir edib? P.Mehdiyeva: “Pandemiya bütün sahələrdə olduğu kimi muzey işində də çiddi çətinliklərə səbəb olub. Məktəblilərin əsas ziyarətçi kəsimi olduğunu nəzərə alsaq ekskursiyaların olmaması muzey zallarının boş qalmasına səbəb olub”.

P.Mehdiyeva daha sonra əlavə edir: “Doğrudur, fərdi gəlişlər var, lakin pandemiyadan əvvəlki dövrə nisbətən çox zəifdir”.

Virtual ziyarət real baxışı əvəz edə bilməz

Bayraqdar.info virtual ziyarətlə bağlı durumla da maraqlanır. P.Mehdiyeva: “Heç bir virtual səyahət canlı baxışı əvəz edə bilməz. Doğrudur, karantin dövründə muzeyin virtual ekskursiyaları yaradıldı, ekspozisiyamızı, fondu əhatə edən bir çox videomateriallar yayımlandı. Lakin tarixin izlərini özündə yaşadan eksponatlarla canlı tanışlıq, onların özünəməxsus, maraqlı hekayələrini dinləmək, muzeyin sirli aurasını hiss etmək təmamilə başqa – izaholunmaz bir duyğudur”.

Muzeyin diqqət çəkən guşələrindən biri

Pakizə xanım deyir ki, “işimi həqiqətən çox sevirəm. Düşünürəm ki, insan öz həyatını boşuna keçirməməlidir. Hər kəs öz bilik və bacarığından maksimum istifadə edərsə, inanın, bu dünya cənnətə dönər”.

Müsahibimiz həm də özünə qarşı çox tələbkardır. Özünütənqiddən çəkinmir, əksinə, buna daha çox imkan yaradır: “Özümə hər zaman tənqidi yanaşmışam. Vaxt bölgüsü, düzgün və öncədən planlama; fəaliyyətimdə bu istiqaməti əsas götürürəm həmişə. Fərqli yanaşmalar hər zaman mövcud olub. Bəlkə də insanın özündən xəbərsiz daşıdığı missiyaları var”.

Pakizə xanım eyni zamanda çox vətənpərvər olmasıyla qürurlanır: “Vətənpərvərlik qanıma hopmuş bir hissdir. Özümdən asılı olmadan bu, xüsusi və həssaslıqla yanaşdığım məsələdir. İzaholunmaz bir duyğudur”.

Şəhid ailələri və qazilərə çox həssasdır

Elə bu vətənpərvərlik də onu şəhid və qazi ailələrinin qapısına qədər aparır. Özü də tez-tez: “Şəhid ailələri və qazilərlə görüşmək, onların məsələlərini ictimailəşdirmək, barələrində materialları toplayıb mühafizə etmək son aylar fəaliyyətimin əsasını təşkil edir. Bu, ilk növbədə içimdən gələn bir duyğudur. Eyni zamanda bir tarix muzeyinin rəhbəri olaraq düşünürəm ki, mənim vəzifə borcumdur. Canlarını bizlər üçün, Vətən torpağı üçün fəda edənlər unudulmamalı, tanıdılmalı, işıqlandlrılmalıdır”.

P.Mehdiyeva əlavə edir ki, “şəhid və qazilər haqqında məlumatlar, əşyalar gələcək nəsillər üçün muzeylərdə qorunub saxlanılmalıdır”.

Biz bütün bunları bir zərif xanımın necə çatdıra bilməsilə də maraqlandıq. Cavab da özünəməxsus oldu: “Necə çatdırıram? Bəzən özümü robot kimi hiss etdiyim anlar olur düzü”.

Müsahibimiz hər şəraiti fürsətə çevirməyi xoşlayır və bacarır. Deyir ki, “bu aralar pandemiya üzündən işimiz məhdudlaşdırıldığı üçün gücü araşdırmalara, yeni axtarışlara vermişik. Məqsəd odur ki, pandemiya bitdikdən və normal həyata qayıtdıqdan sonra daha həvəslə və yüksək keyfiyyətlə işimizi təqdim edə bilək”.

Yeri gəlmişkən, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyi 2013-cü ildən yeni və olduqca gözəl bir binada fəaliyyət göstərir. Şəhərin memarlığına rəng qatan bu bina Prezident İlham Əliyevin də çox xoşuna gəlib. Binanın açılışında ölkə başçısı deyib ki, “Demək olar, Azərbaycanda gördüyüm ən gözəl muzey binasıdır”.

Muzeyin “Xalça Muzeyi” və “Döyüş Şöhrəti Muzeyi” adlı iki ayrı filialı da fəaliyyət göstərir. Əlavə olaraq, Muzeyin özü Xaçmazdakı başqa bir mədəniyyət məkanında – açıq havadakı “Şəxsiyyətlər Parkı”nın ərazisində yerləşməklə daha da cəlbedici olur.

Mission News Theme by Compete Themes.