Press "Enter" to skip to content

Azərbaycanın Gürcüstandakı səfirliyi Dmanisi hadisələrini nəzarətdə saxlayır – VİDEO

Bayraqdar.info – Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi o ölkədə yaşayan soydaşlarımızı son günlər baş verən hadisələrlə bağlı müdrikliyə çağırıb.

Bununla bağlı Səfirliyin mayın 18-də yaydığı açıqlamada bildirilir.

Açıqlamada deyilir: “16 may 2021-ci il tarixində Dmanisi şəhərində yerləşən azərbaycanlılara məxsus “Ömər” marketə edilən kütləvi basqın və onun ətrafında yaranan toqquşma hadisəsinə dair Səfirlik tərəfindən dərhal reaksiya göstərilmişdir. Səfirliyin əməkdaşları hadisə yerinə baş çəkmiş, vəziyyətlə tanış olmuş və Gürcüstan hüquq mühafizə orqanlarının, eləcə də yerli hakimiyyətin nümayəndələri ilə əlaqə yaratmışdır. Baş vermiş insidentlə bağlı Gürcüstan qanunvericiliyi çərçivəsində zəruri tədbirlər görülməkdədir”, – deyə Səfirliyin yaydığı açıqlamada bildirilir.

Daha sonra qeyd edilir: “Məsələ ilə əlaqədar xüsusilə vurğulanmalıdır ki, qeyd olunan xoşagəlməz hadisəyə siyasi don geyindirmək, onu etnik zəmində qarşıdurma kimi qələmə vermək strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan-Gürcüstan münasibətlərinin ruhuna uyğun gəlmir. Səfirlik soydaşları hər hansı təxribatlara uymamağa, siyasi yetkinliyi və məsuliyyəti nümayiş etdirməyə çağırır”.

Səfirlik onu da qeyd edir ki, baş vermiş hadisəyə sırf hüquq müstəvisində qiymət verilməlidir: “Baş verən insidentə sırf hüquqi müstəvidə qiymət verilməli və təqsirkar bilinən şəxslər fərdi qaydada Gürcüstan qanunvericiliyinə əsasən cəzalarını almalıdırlar. Bu xoşagəlməz hadisənin hər hansı mənfi fəsadlarının qarşısını almaq məqsədilə, Səfirlik tərəfindən Gürcüstanın aidiyyəti qurumları ilə daimi təmaslar davam etdiriləcəkdir”.

Açıqlamanın sonunda Səfirlik soydaşlara çağırış edərək onları Azərbaycan-Gürcüstan dostluğunun əyani təzahürü adlandırıb. Eyni zamanda qeyd edib ki, Səfirlik bu missiyanın davam etdirilməsinə həmişə hazırdır, soydaşların müdrikliyinə ümid edir.

Əlavə edək ki, mayın 16-da bir qrup Gürcüstan vətəndaşı (etnik svanlar) xüsusi hazırlıqlı şəkildə Dmanisidə özlərindən sayca az olan azərbaycanlılara hücum etmiş, onları şiddətli şəkildə döymüşdür. Bu isə bölgədə etnik zəmində qarşıdurma kimi təqdim edilir. Orada yaşayan azərbaycanlılar bunun ilk belə hal olmadığını deməkdədir.

https://www.youtube.com/watch?v=3Fr7V64dRf8

Mission News Theme by Compete Themes.