Press "Enter" to skip to content

ABŞ Prezidentinin müşavirindən zəng gəldi

Prezident İlham Əliyev

Son yeniləmə: 18 May 2021 15:29

Bayraqdar.info – Mayın 18-də Prezidentin Mətbuat Xidmətinin məlumatı yayılıb. Məlumatda deyilir ki, mayın 17-də axşam ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Tərəflər arasındakı telefon danışığında ikitərəfli münasibətlər barədə məmnunluq ifadə edilib. Bu münasibətlərin hər iki dövlət və bölgə üçün sülh və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyəti qeyd olunub.

“Ceyk Sallivan Azərbaycan və Ermənistan sərhədində yaşanan son gərginliklə bağlı narahatlığını bildirib. O, bu kimi fikir ayrılıqlarının sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb. Həmçinin beynəlxalq sərhədin demarkasiyası üçün tərəflərin konstruktiv müzakirələrinə ehtiyac duyulduğunu vurğulayıb. Ceyk Sallivan ABŞ-ın bölgədə barışığın əldə olunmasına sadiqliyini ifadə edib”, – deyə məlumatda bildirilir.

Daha sonra qeyd edilir ki, “Prezident İlham Əliyev bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq qaldığımızı bildirib. O, bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirib. Münaqişənin bitməsindən 6 ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu qeyd edib”.

Bildirilir ki, Prezident İlham Əliyev ABŞ Prezidenti müşavirinin Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib. O, bu prosesin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib.

Məlumatda daha sonra deyilir ki, Azərbaycan Prezidenti Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyasından danışıb. O, Ermənistanın bu məsələni beynəlmiləlləşdirmək cəhdlərinin bölgədə gərginliyin artmasına gətirib çıxara biləcəyini qeyd edib. Həmçinin, bütün mübahisələrin sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Mission News Theme by Compete Themes.