Son yeniləmə: 17 May 2021 10:36
Bayraqdar.info – “19 aprel 2021-ci il tarixindən başlayan PISA-2022 (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatının pilot mərhələsi başa çatıb. Sözügedən mərhələ Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilib. Tədqiqatın pilot mərhələsində Bakı üzrə 63 məktəbdən 2 min 800-dən çox şagird, 1 min 100-dən çox müəllim və 63 məktəb direktoru iştirak edib. Proses pandemiya şəraiti nəzərə alınaraq təşkil edilib. Tədqiqatın əsas mərhələsinin 2022-ci ilin aprel-may ayları ərzində təşkili nəzərdə tutulur”.
Bu məlumat mayın 17-də Təhsil Nazirliyindən verilib.
Məlumatda qeyd edilib ki, Azərbaycan sonuncu dəfə 2018-ci ildə PISA-da iştirak edib. Şagirdlərimizin riyaziyyat üzrə orta göstəricisi 420, oxu üzrə 389, təbiət elmləri üzrə isə 398 bal təşkil edib. Tədqiqat 2018-ci ildən başlayaraq kompüter əsaslı həyata keçirilir.
Bayraqdar.info-nun məlumatına görə, nazirlikdən o da bildirilib ki, PISA 80-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir təşkil olunur.