Press "Enter" to skip to content

Milli məhkəmə müsabiqəsinin final mərhələsi keçirilib

Son yeniləmə: 17 May 2021 16:33

Bayraqdar.info – Ali Məhkəmədə Vəkillər Kollegiyasının və Avropa Hüquqşünas Tələbələri Assosiasiyasının (ELSA-Azərbaycan) birgə təşkilatçılığı ilə milli məhkəmə müsabiqəsinin 10-cu buraxılışının final mərhələsi keçirilib.

Qurumun mətbuat xidmətindən Bayraqdar.info-ya bildiriblər ki, tədbirdə Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov belə müsabiqələrin təşkilində, gənclərin dərin bilik və təcrübələr əldə etməsində Vəkillər Kollegiyasının fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayıb. O, Ali Məhkəmənin bu sahədəki fəaliyyətindən söz açıb və ölkədə gənclərin inkişafı sahəsində görülən işlər barədə məlumat verib.

“Vəkillər Kollegiyasının sədri Anar Bağırov müsabiqənin təşkilinə göstərdiyi dəstəyə görə Ali Məhkəmənin rəhbərliyinə təşəkkürünü bildirib, Kollegiyanın gənc hüquqşünasların vəkilliyə marağının artırılmasında önəmini vurğulayıb. ELSA ilə bir neçə ildir davam edən əməkdaşlıqdan, “ProDemos – Xalq üçün” birgə layihəsindən bəhs edən A.Bağırov belə faydalı tədbirlərin bundan sonra da mütəmadi qaydada birgə təşkili barədə fikirlərini bölüşüb”, – deyə məlumatda bildirilir.

Daha sonra qeyd olunur ki, müsabiqənin final mərhələsinə keçən Bakı Dövlət Universitetinin hüquq tələbələrindən ibarət “Salvatores” və “Lawspective” komandaları mülki iş üzrə prosesdə çəkişiblər.

Proses tərəflərinin çıxışları Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Elşanə Vəliyeva, Aqil Abbasov və Elşad Şamayev tərəfindən qiymətləndirilib.

Tədbirin sonunda final mərhələsində iştirak edən hər iki komandanın üzvlərinə Çingiz Əsgərov və Anar Bağırov tərəfindən sertifikat və xüsusi hədiyyələr təqdim olunub.

Mission News Theme by Compete Themes.