Press "Enter" to skip to content

Laçından irəliyə: Qalibin cümləsi… cümlənin qalibiyyəti…

Əkbər Qoşalı

Sabah Laçının işğal günüydü.

Başında “sabah” yazılan cümləni “-dü” şəkilçisi ilə bitirmək (gələcək zamanı şühudi keçmişə bağlamaq) olmaz.

Bunu bilirəm, qüsura baxmayın.

Qüsura baxmayın, 30 ilə yaxın keçmişlə gələcək arasında döyünmüşük, vurnuxmuşuq.

Bu, həyatda olar, cümlədə olmaz. Olmasın. Seyran Səxavət deyir, “cümlə qurmaq dövlət qurmaq qədər çətindir”.

Obrazlıdır, tutarlıdır, təsirlidir. O məşum işğal günlərindən danışınca, idrak edirsən ki qura bilmirmişik – cümləni də, ordunu da, dövləti də! Ta ki ordunu, dövləti qurduqdan sonra, cümləmiz cümləyə döndü. İndi yanlış yazılan cümlə də adama zülm eləmir, qalibiyyətin sığalı anlayış aşılayır, yanlışları ustufca redaktə edir. Qələbə öyrədir, əldən tutur sanki…

Dizdə təpər, qolda güc, sözdə kəsər, qəlbdə iman və böyük gələcəyə inamdır qələbə!

Bəlli olduğu kimi, bitmiş bir fikri ifadə edən söz və söz birləşməsidir cümlə.

İnsanlar arasında ünsiyyət, fikir mübadiləsi cümlələr vasitəsilə, işğalla azadlıq arasındakı “ünsiyyət” isə əsgəri müharibədəki qələbə vasitəsi ilə həyata keçirilir.

Ədalətli qələbələr vasitəsi ilə müəyyən bir ərazi azad olunur, bir xalqın qüruru xilas olunur, cəmiyyəti düşündürən suallara cavab bulunur; qələbə “iti qovmağ”a təhrik edir, ya da tarixi haqların bərpasına həyəcan oyadır. – Necə ki cümlələrlə müəyyən bir məlumat verilir, ya bir şey soruşulur, yaxud bir işə təhrik edilir, ya da hiss-həyəcan ifadə olunur…

Qələbələr də cümlələr kimi sadə və mürəkkəb olur. Sadə qələbə bir dövlətin başqa bir dövlət üzərində qələbəsidir. Mürəkkəb qələbə düşmən ölkə ilə yanaşı onun havadarlarının da oyunlarını pozmaq, düşmənin güclü beynəlxalq dayaqlarının laxladılması deməkdir.

Qələbəyədək eynən cümlələr kimi dörd yerə bölünmüşdük: “nəqli”ydik – bəzən sadəcə danışırdıq, torpaqlarımızın işğal günlərini nəql edirdik… nağıla varırdıq… sonra çoxlu “sual”lar, suallar… Getdikcə idrak edirdik ki “əmr” lazımdır, əmr! Nəhayət “Qarabağ Azərbaycandır və nida” deyimi zaman içində Silahlı Qüvvələrə verilən Əmrə dönüşdü!

Qələbə bir dövlətin sifətidir, şərtidir, gərəyidir. Qələbə qazanmayan qüdrətli dövlət qura bilməz. Bu siyasi teoremin əksi də doğrudur: qüdrətli dövləti olmayan qələbə qazana bilməz. Ədaləti bərpa etmiş Qalib Dövlət – cümlələrin gözəlidir!

Cümləmizə əsənliklər!

Laçın ləyaqəti

Ötən ilədək 18 may Laçının işğal günüydü… Daha deyil! Bir daha heç vaxt olmayacaq!
İndi 1992-ci il deyil, 2021-ci ildir. İndi hərc-mərclik, ikihakimiyyətlilik, çoxbaşlılıq dövrü deyil. İndi Azərbaycan uduzan, uduzdurulan deyil, qazanan – zəfər çalan tərəfdir.

İndi Azərbaycanda dövlət, dövlətçilik vaxtıdır; dövlət-xalq birliyi, güclü ordu, siyasi iradə, ictimai sabitlik mövcuddur.

O illər, itirə-itirə getdiyimiz illər… cümləmizə getsin-gəlməsin. Hakmiyyət uğrunda mübarizə, səriştəsizlik, bu qəbildən bir sürü iş (işsizlik)… və sonucda Laçın kimi Laçın işğala uğradı.

Can Laçın! Bu bizə çox baha başa gəldi. İllər keçdi, ömür getdi, ümid incəldi, haqq nazildi… Gəlin, açıq danışaq, (çox qısa olmasa da) aydın bir cümlə quraq:

əgər Şuşa işğal olunmasaydı Laçın,
Şuşa və Laçın işğal olunmasaydı Kəlbəcər,
Şuşa, Laçın və Kəlbəcər işğal olunmasaydı digər torpaqlarımız işğal olunmayacaqdı.

O ağır işğallar olmasaydı itkilərimiz, dağıntılarımız 30 ildəki kimi olmayacaqdı, 30 illik problemləri yaşamayacaqdıq. Görün, 30 ildə itirdiklərimiz özümüzdə olsaydı, indi inkişafın hansı səviyyəsində olardıq (necə cümlələr qurardıq indi)?!.

Görün, hakimiyyətsizlik, ikihakimiyyətlilik, çoxbaşlılıq bizi nə qədər geridən geri salıb.!?

Laçınsız… yaşaya bilmək

Və bu belə gedə bilməzdi. Nəhayət “Biz dedik ki, yetər artıq, bu işğala son qoyulmalıdır və son qoyulacaq!”

Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözüdür. Necə ki 1992-ci ilin yazında Şuşa işğal olunduqdan sonra Laçının işğalı gerçəkləşmişdi, 2020-ci ilin payızında Şuşanın azad olunması ilə Laçının da üzərinə Gün doğdu.

Mən bu yerdə “Azərbaycan dünyaya Günəş kimi doğacaq” (Heydər Əliyev) sözlərini xatırlayıram. Necə deyərlər Azərbaycan, dünyaya Günəş kimi doğmaqçün Azərbaycan olmalıydı, sözümüz bir (söz!) olmalıydı.

Yenə, böyük insanın boyük sözləri yada düşür: “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur”.

Və “Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, “İstisu”yu… Biz onlarsız yaşaya bilmərik. Təsəvvür belə edə bilmərik”…

Bəli, məhz təsəvvür edə bilmərik!

“Quruluş Qarabağ”, “Şahlanış Şuşa”, “Ləyaqət Laçın”…

Nədir təsəvvür? – Bu, bir zehin prosesidir. Zehin prosesi ilə fikri quruculuq, yenidən şəkillənmə, təcrübəyə əsaslanan yeni gerçəklik yaratmaqdır təsəvvür. Əlbəttə, idrak fəaliyyətində özəl bir yer tutan təsəvvür bütün idrak prosesləri ilə sıx bağlıdır. Çox nəzəri biliklərə varmaq istəməsəm də, vurğulayım ki təsəvvür (və onu doğuran, şəkilləndirən nəsnələrin toplusu), qeyri-müəyyənliklə xarakterizə olunan durumlarda davranış proqramları yaratmağa, doğru-düzgün qərar üçün münbit zəmin(i) təmin etməyə imkan yaradır.

Bizim misaldakı təsəvvür uyğun görüntülərə səbəb olan aktiv növ olub emosional, yaxud məcazi növə aid deyil. Aktiv xəyal təkanvericidir, özlüyündə yaradıcı bir fenomendir, yenidən qurulma xassəsinə malikdir. Bu qurulma, bizim misalda “Quruluş Qarabağ”dır, “Şahlanış Şuşa”dır, “Ləyaqət Laçın”dır!

Ötən ilin son ayının ilk günü – günlərdən Laçın!

Azərbaycan ordusu mümkün olmayanı mümkün edib Şuşanı azad edincə, “qalib”, “yenilməz” Ermənistan Laçından öz ordusunu çıxarmaq öhdəliyi götürdü və cəhənnəm olub getdi.

İndi təsəvvür edin: 2021-ci ilin 18 mayını da Laçınsız keçirərdik, 2020-ci ildə Qarabağda tarixi zəfər qazanmazdıq.

Təsəvvür edə bilmərik.

Yaxşı ki təsəvvür edə bilmərik!

Təsəvvür geriyə işləmir, onun vektoru irəliyə yönəlir.

İrəliyə – Laçından da…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Mission News Theme by Compete Themes.