Son yeniləmə: 17 May 2021 16:54
Bayraqdar.info – “Azərbaycan Şuşada “Xarıbülbül” musiqi festivalını keçirməklə bu torpaqların tarixi kimliyini bir daha dünyaya nümayiş etdirdi. Festivalın açılışında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bir daha bütün dünyaya Şuşadan, qədim torpağımızdan mesaj verdi. Bu tədbir dünya azərbaycanlılarının qürur və sevincinə səbəb oldu. Bu həm də tarixi Zəfər, Qələbə festivalı idi”.
Bunu bayraqdar.info-ya Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.
Onun sözlərinə görə, bu fetivalın sədaları və sondakı atəşfəşanlıq erməniləri kəskin şəkildə narahat etdi. Bununla ermənilər bir daha məğlubiyyətin acısını yaşamış oldular: “Ermənilərin festivalın və atəşfəşanlığın Xankəndindən görüntülərini sosial şəbəkələrdə yayması, erməni ekspertlərinin bu haqda kədərli açıqlamaları bunun bariz nümunəsidir. “Xarıbülbül” musiqi festivalına Ermənistan rəhbərliyi özünün çirkin siyasəti ilə cavab verməyə çalışdı.
“Görünür elə, məhz buna görədir ki, rəsmi İrəvan Ermənistan-Azərbaycan sərhəddindəki gərginliyi siyasiləşdirdi. Hətta Rusiyanı, o cümlədən KTMT-ni də bu siyasi oyununa alət etməyə cəhd göstərdi, amma istəyinə çata bilmədi. Rəsmi Bakının açıqlamasında isə bu cür destruktiv yanaşmanın yalnız gərginliyin artmasına xidmət etdiyi vurğulanırdı”.
Fuad Hüseynzadə deyib ki, bütün bunlara nail olmayan ermənilər xaricdə Azərbaycana qarşı qarayaxma kampaniyaları aparmağa və tərxibatalar törətməyə üstünlük verirlər. Xüsusən də erməni diasporunun ideloji mərkəzi hesab olunan Amerikanın Erməni Milli Komitəsi (ANCA) son günlər bu baxımdan daha da fəallaşıb: “Belə bir məqamda ABŞ ermənilərinin də bu ölkədəki soydaşlarımıza qarşı təxribatlar törətməsi gözləniləndir. Çünki iyul hadisələri zamanı, elə Vətən müharbəsi dövründə də biz ermənilər tərəfindən edilən bu kimi halların şahidi olmuşduq.
“ABŞ-ın Los-Anceles şəhərindəki Azərbaycan konsulluğunun erməni ekstremistlərin mümkün təxribatları ilə bağlı ABŞ-da yaşayan azərbaycanlılara müraciəti də bundan irəli gəlir. Bütün bunlar Ermənistanın 44 günlük Vətən müharibəsində məğlubiyyətinin aqressiyasıdır. Artıq dünya erməniləri Azərbaycanın bu şanlı zəfərini həzm edə bilmirlər. Bir sözlə, “Xarıbülbül” festivalı Ermənistana musiqi sədaları altında vurulan növbəti “Dəmir yumruq” oldu”.