Press "Enter" to skip to content

Fransa Xarici İşlər naziri Azərbaycandan və ABŞ-dan olan həmkarlarıyla danışıb

Son yeniləmə: 17 May 2021 08:09

Bayraqdar.info – Mayın 16-da günün sonunda Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Fransanın Avropa və Xarici İşlər naziri Jan İv Lö Drian ilə telefon danışığı olub.

Bayraqdar.info-ya bu xəbəri XİN Mətbuat xidməti idarəsindən veriblər.

Xəbərdə deyilir ki, “nazirlər Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliklə bağlı məsələləri müzakirə ediblər”.

Nazir C.Bayramov Fransalı həmkarını uzun müddətdən sonra Ermənistanla sərhədlərin gücləndirilməsi tədbirlərinin həyata keçirildiyi barədə məlumatlandırıb. O, Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşdiyini deyib.

Nazir qeyd edib ki, “tərəflər arasında mövcud olan fikir ayrılığı və yaranmış gərginliyin aradan qaldırılması üçün Azərbaycan konstruktiv yanaşma nümayiş etdirir”. C.Bayramov ilk andan Dövlət Sərhəd Xidməti rəhbərliyinin bölgəyə ezam edilməsi və qarşı tərəflə danışıqların aparılması haqda da məlumat verib.

Azərbaycanlı nazir ümumiyyətlə bu məsələnin şişirdilməsinin və siyasiləşdirilməsinin yolverilməz olduğunu deyib.

XİN-in xəbərində deyilir ki, tərəflər “həmçinin münaqişə sonrası məsələlər ətrafında ümumi fikir mübadiləsi aparıblar”.

Fransa Qarabağı ABŞ-la müzakirə edib

Maraqlıdır ki, Fransalı nazirin C.Bayramovla telefon danışığıya eyni vaxtda ABŞ Dövlət katibi Entoni Blinkenlə də telefon əlaqəsi olub.

Bu haqda xəbəri bayraqdar.info-ya ABŞ Dövlət Departamentindən veriblər.

Tərəflər İsrail-Fələstin bölgəsindəki gərginliyi müzakirə etməklə bərabər Qarabağdakı durumla bağlı da fikir mübadiləsi aparıblar.

“Dövlət katibi E.Blinken və Xarici İşlər naziri Le Drian ATƏT Minsk Qrupunun həmsdər ölkələrinin təmsilçiləri kimi də işbirliyi haqqında danışıblar. Onlar Dağlıq Qarabağ münaqişəsinin uzun müddətli siyasi həllinin gərəkliliyini vurğulayıblar”, – deyə ABŞ Dövlət Departamentinin xəbərində bildirilir.

Onu da qeyd edək ki, nazir C.Bayramovun Fransalı həmkarıyla bu telefon əlaqəsi Fransa Prezidenti Emmanuel Makronun açıq ermənipərəst mövqe sərgiləməsindən sonra ilkdir. Əslində, fürsətdən istifadə edib Azərbaycan tərəfinin bununla bağlı narahatlığını da ifadə etmək olardı.

XİN-in yaydığı xəbərdə bununla bağlı heç nə deyilmədiyini nəzərə alsaq, Azərbaycan tərəfi bu imkandan istifadə etməmiş kimi görünür.

Fransalı nazirin Azərbaycanlı, yoxsa ABŞ-dan olan həmkarıyla daha öncə telefon əlaqəsi saxlamasını isə dəqiqləşdirə bilmədik.

Bütün bunlarla bərabər Ermənistanın sərhəddəki durumla bağlı başlatdığı qaralama kampaniyası və ona reaksiyalar, bir sıra yüksək rütbəli şəxslərin Azərbaycanla telefon əlaqələri haqqında daha öncə də xəbər vermişdik. Belə anlaşılır ki, bu əlaqələr hələ də intensiv şəkildə davam edir.

Mission News Theme by Compete Themes.