Son yeniləmə: 17 May 2021 16:15
Bayraqdar.info – Milli Xalça Muzeyi 18 May Beynəlxalq Muzeylər Günündə müxtəlif icma nümayəndələri ilə onlayn görüşlər keçirəcək.
Bu haqda xəbəri mayın 17-də Muzeydən veriblər.
Qeyd edilib ki, görüş zamanı Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Kreativ Azərbaycan” proqramları ilə bağlı məlumat veriləcək, bu istiqamətdə müxtəlif icmaların fəaliyyəti müzakirə olunacaq.
Sağlamlıq imkanları məhdud şəxsləri birləşdirən ictimai təşkilatların rəhbərləri ilə görüş zamanı indiyədək birgə həyata keçirilən uğurlu layihələrdən və gələcək planlardan söhbət açılacaq. Ölkəmizin ilk inklüziv muzeyi kimi Milli Xalça Muzeyi ilə bu istiqamətdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələlərinə toxunulacaq.
“Qarabağ muzeylərinin direktorları ilə onlayn görüş zamanı isə işğaldan azad olunmuş torpaqlarda vaxtilə fəaliyyət göstərmiş muzeylərin mövcud problemləri və onların həlli yolları müzakirə ediləcək. Həmin muzeylərin kolleksiyalarının öz yerinə qaytarılması məqsədilə Beynəlxalq Muzeylər Şurasının (ICOM) müvafiq komitələri ilə həyata keçirilən danışıqlar ətrafında fikir mübadiləsi aparılacaq”, – deyə xəbərdə bildirilir.