Press "Enter" to skip to content

Azərbaycan Prezidenti Qazaxıstanlı həmkarına Ermənistanla sərhəd barəsində danışıb

Qasım-Jomart Toqayev və İlham Əliyev

Bayraqdar.info – Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Toqayevə zəng edib.

Bu haqda xəbəri Azərbaycan rəhbərinin Administrasiyası yayıb.

Zəngin səbəbi Qazaxıstan Prezidentinin bu günə təsadüf edən doğum günüdür. Prezident İ.Əliyev həmkarını 58 yaşının tamam olması münasibətilə təbrik edib.

Qazaxıstan Prezidenti diqqətə görə Azərbaycanlı həmkarına təşəkkürünü bildirib.

“Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əmin olduqlarını bildiriblər”, – deyə xəbərdə qeyd edilir.

Azərbaycan Prezidenti eyni zamanda son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə də Qazaxıstan Prezidentini məlumatlandırıb.

“Bununla əlaqədar Azərbaycan Prezidenti bildirib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır. Sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir”, – deyə xəbərdə qeyd edilir.

Əlavə edək ki, Qazaxıstan KTMT-nin 6 üzv-dövlətindən biridir. Digər dövlətlərsə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistandır.

Sonuncu Azərbaycanla gərginlik yaşandığı zaman bir qayda olaraq bu ölkəni KTMT ilə qorxutmağa cəhd edir. Lakin qurumun yerdə qalan üzv-dövlətlərin hamısının Azərbaycanla yaxın münasibətləri bunun nəticəsiz bitməsinə səbəb olur.

Onu da qeyd edək ki, Azərbaycanın özü də 1994-99-cu illərdə bu qurumun üzvü olub.

Mission News Theme by Compete Themes.