Press "Enter" to skip to content

Türkiyənin Azərbaycanda universitet açma ideyası aktuallaşır – ÖZƏL

Közhan Yazgan

Son yeniləmə: 16 May 2021 12:20

Közhan Yazgan: Biz bu məsələləri dilə gətiririk və hətta gücümüz daxilində işin içində olmaq istəyirik

Bayraqdar.info – Bir ildən artıqdır ki, dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyası təhsil sahəsinə də mənfi təsir göstərib. Çünki bu virusun geniş yayılmasının qarşısını almaq üçün ölkələrdə ali və orta təhsildə fasilə verilib, yaxud da distant təhsil rejiminə keçilib.

Bundan öncə də qeyd etdiyimiz kimi məcburən atılmış bu addım öz mənfi təsirini ali təhsillərini xaricdə almaq istəyən gənclərə də göstərir. Məsələn, ötən il Türkiyə universitetlərinin bir qismi imtahanlar üçün Azərbaycana nümayəndə göndərməkdən imtina edib. Bu il isə bu cür universitetlərin təxminən 80 faizinin ümumiyyətlə Azərbaycanda imtahan keçirmək istəmədiyi, bir qisminin isə onlayn imtahan kecirəcəyi barədə məlumatlar dolaşır.

Bayraqdar.info olaraq bu problemdən çıxış yolunun necə ola biləcəyinə dair araşdırmalarımız davam edir. Beləliklə, mövzu ilə bağlı növbəti müsahibimiz Türkiyənin məşhur Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) başqanı, professor Közhan Yazgan da maraqlı fikirlər səsləndirib.

Türk Dünyası Araşdırmaları Vəqfi

TDAV 1980-ci ildə gerçək bir Turan sevdalısı, professor Turan Yazqan tərəfindən qurulub. Mərhum professor Turan Yazgan bütün ömrünü türk dünyasının birlik və bərabərliyinin möhkəmlənməsi istiqamətində işlərin görülməsinə həsr edib. Onun təşəbbüsü ilə 1992-ci ildə Azərbaycanda bir Lisey fəaliyyətə başlayıb. Gələn il quruluşunun 30-cu ili tamam olan TDAV Bakı Atatürk Liseyi bu gün də uğurla fəaliyyət göstərir.

TDAV-ın həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Türk Dünyası İqtisad Fakültəsi (TUDİFAK) də fəaliyyət göstərir. Bu fakültə də 1992-ci ildə professor Turan Yazganın təşəbbüsü ilə qurulub.

Onu da bildirək ki, Közhan Yazgan ötən ilin dekabrında UNEC-in rektoru, professor Ədalət Muradova ünvanladığı təbrik məktubunda maraqlı təklif səsləndirib. Vətən müharibəsindəki möhtəşəm qələbəmiz münasibətilə ünvanlanan məktubda o, Şuşada TUDİFAK-ın nümunəsində yeni bir fakültənin açılması istiqamətində əməkdaşlığa hazır olduqlarını bildirib.

TDAV Azərbaycanda universitet açılmasından yanadır

Bayraqdar.info: Hörmətli Közhan bəy, bəlli olduğu kimi pandemiya səbəbindən artıq iki ildir Türkiyə universitetlərinin böyük əksəriyyəti qəbul imtahanları keçirmək üçün Azərbaycana gələ bilmir. Belə bir vəziyyət pandemiyadan öncə hər il ali təhsil üçün Türkiyə üniversitetlərini seçən azərbaycanlı gənçlərin qardaş ölkədə ali təhsil imkanlarını çətinləşdirməkdədir. Mövcud durumda Azərbaycanda Türkiyə universitetlərinin ortaq imtahan mərkəzinin formalaşdırılması ideyasına necə baxırsınız?

Közhan Yazgan: Öncə onu deyim ki, dahi Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” sözləri ilə ifadə etdiyi Türkiyə-Azərbaycan qardaşlığı daim var olacaq. Bu baxımdan qardaş Azərbaycanın gənclərinin Türkiyə universitetlərində və bənzər qurumlarda təhsil almaq istəmələri təbiidir. Hətta deyərdim ki, bu onların haqqıdır.

Bu istiqamətdə lazım olan addımlar atılır. Prosesin daha da asanlaşdırılması üçün bundan sonra da müvafiq addımların atılacağına əminik. Xatırladım ki, Türkiyədə üniversitetlərə qəbul imtahan sisteminə bağlıdır. Yəni, xarici ölkələrdən, o cümlədən qardaş Azərbaycandan tələbə qəbulu üçün müəyyən qaydalar tətbiq edilir və imtahan keçirilir.

Bunu təşkil edən qurumlar Türkiyə Cümhuriyyəti Milli Eğitim Bakanlığı, Yükseköğretim Kurumu (YÖK) və onun yanındakı Öğrenci Seçme ve Yerleştirme Merkezidir (ÖSYM).

Bir neçə il öncəyə qədər Türkiyə xaricdən tələbə qəbulu üçün bu qurumlar vasitəsilə Bakının da daxil olduğu mərkəzlər formalaşdırırdı. Həmin mərkəzlərdə Türk Cumhuriyetleri Sınavı (TCS) və Yabancı Öğrenci Sınavı (YÖS) təşkil edilərək, Türkiyə üniversitetlərinə girişin önü açılırdı. Lakin sonradan universitetlərə sərbəstlik verilərək YÖS-ün keçirilməsi onların öhdəsinə buraxıldı. Bu sistem də normal olaraq işləyirdi.

Lakin koronavirus pandemiyasından sonra təhsillə bağlı bir çox sahələrdə problemlər yaşanmaqdadır.

Buna baxmayaraq bir çox üniversitetimiz qarşıdakı aylar üçün təqvimlərinə YÖS imtahanı elanlarını daxil edib.

Konkret olaraq sualınıza gəlincə, deyə bilərəm ki, ortaq imtahan mərkəzinin yaradılması təklifi qulağa xoş gəlir. Ancaq bunun reallaşması üçün konkret ayrıntıların bəlirlənməsi və tətbiqinə dair qərar vermək səlahiyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Türkiyə Cümhuriyyəti Milli Eğitim Bakanlığındadır. Yəni, bununla bağlı təşəbbüslərin həmin qurumlar vasitəsilə reallaşması mümkündür. Onu da deyim ki, Çin virusu pandemiyasının Türkiyə ilə Azərbaycan arasındakı təhsil sahəsində əməkdaşlığa problem yaradacağını düşünmürəm.

Şuşada Türkiyə universitetinin olması strateji məsələdir

Bayraqdar.info: Rəhbərliik etdiyiniz TDAV-ın Azərbaycanda bir liseyi və bir fakültəsi var. Yəni sizin təhsil sahəsində təcrübənizin olmasından dolayı belə bir sual vermək istərdik: Hazırda Türkiyənin Azərbaycanda hər hansı bir universiteti fəaliyyət göstərmir. Belə bir durumda Azərbaycanda Türkiyə universitetlərinin filiallarının açılması iki qardaş xalqın gələcəyi baxımından önəmli olmazdımı?

Közhan Yazgan: Təbii ki, belə bir şeyin gerçəkləşməsi önəmlidir. Əgər Türkiyənin KKTC-də bir çox dövlət, yaxud özəl universiteti və ya onların filialları, Qazaxıstanda Əhməd Yasəvi Universiteti, Qırğızıstanda Manas Universiteti varsa, niyə Azərbaycanda olmasın?

Lakin onu da xüsusi olaraq vurğulayım ki, bu işləri görərkən bir çox istiqamətlərdə dərin araşdırma aparılmalıdır. Yəni bu zaman iş görmək xətrinə addım atılmamalı, uzaq müddət üçün nəticələrin müsbət olub-olmayacağı dəqiqləşdirilməlidir.

Qısası dərindən düşünülmüş, planlaşdırılmış bir iş görülərsə bundan gələcəkdə başda Türkiyə və Azərbaycan olmaqla bütün türk dünyasının gəncləri faydalana bilər.

Bayraqdar.info: Bəs yaxın gələcəkdə Bakı, yaxud Qarabağ mərkəzli Azərbaycan-Türkiyə ortaq universitetinin qurulması ideyasına necə yanaşırsınız? Şəxsən TDAV olaraq bu istiqamətdə hansısa addımlar atmaq istərdinizmi?

Közhan Yazgan: Bundan öncəki sualınıza verdiyim cavabın böyük hissəsi, əslində, bu sualın da cavabı sayıla bilər. Yalnız bir məqamı da unutmamaq lazımdır. Universitet qurmaq rəsmi və çox xərc tələb edən bir işdir. Bunu dövlətin, yaxud da dövlətə yaxın vəqflərin dəstəyi ilə qurmaq olar.

Yer baxımından təbii ki, Bakı dərin köklü keçmişi, tarixi və beynəlxalq mövqeyinə görə mükəmməl seçim ola bilər. Qarabağ/Şuşa istiqaməti isə strateji əhəmiyyətli, regional inkişafa dəstək və imkanlar vəd edən bir təşəbbüs kimi dəyərli sayıla bilər.

Biz bu məsələləri dilə gətiririk və hətta gücümüz daxilində bu işdə olmaq istəyirik. Qarşılıqlı olaraq yuxarıları hərəkətə keçirmək üçün addım atmağımız lazımdır.

Son olaraq isə bunu söyləmək istəyirəm: Azərbaycanla Türkiyə arasındakı sərhədlər virtualdır, real deyildir və olmayacaq. Birlik, dirilik içindəki gözəl sabahlara inanırıq.

Mission News Theme by Compete Themes.