Son yeniləmə: 16 May 2021 10:54
Bayraqdar.info – May ayının 17-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərlərinin və Abşeron rayonunun ümumi və məktəbdən kənar təhsil müəssisələrində əyani tədris forması qismən bərpa ediləcək.
Bu haqda xəbəri Təhsil Nazirliyi yayıb.
Xəbərdə deyilir ki, həmin tarixdən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbə hazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.
Gəncə və Şəki şəhərlərində yerləşən şagird sıxlığı təhsil alanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin təlim qruplarında və məktəbə hazırlıq mərhələsində tədris həftədə 4 dəfə olacaq.
Ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) təhsil həftədə 5 dəfə əyani şəkildə təşkil ediləcək: “Adı çəkilən şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsil alanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbə hazırlıq mərhələsində isə dərslər həftədə 2 dəfə keçiriləcək. Ümumi orta təhsil səviyyəsində dərslər (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq”, – deyə nazirliyin xəbərində bildirilir.
Həmçinin o da qeyd edilir ki, qərara əsasən, yuxarıda adları sadalanan şəhərlərdəki xüsusi məktəblər, internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla əyani dərslər bərpa ediləcək.
Həmin şəhərlərdə məktəbdən kənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılacaq.