Press "Enter" to skip to content

İlham Məmmədov: “Xarıbülbül” festivalı Şuşaya zəfər dönüşümüzün təcəssümüdür

Son yeniləmə: 16 May 2021 12:24

Bayraqdar.info – Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı bir çox məqamlarla yadda qaldı.

Bunu bayraqdar.info-ya Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Onun sözlərinə görə, əvvəla ölkəmizin mədəniyyət paytaxtında keçirilən bu festival işğaldan azad olunan torpaqlarımızın mənən dirçəldilməsinin təsdiqidir: “Məlum olduğu kimi 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri reallaşdırılır. Bu layihələr çərçivəsində azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası həyata keçirilir.

“Eyni zamanda, həmin layihələr tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını da əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımızda bərpa-quruculuq işləri görülür, həmçinin o torpaqlar mənən də dirçəlir. Mayın 12-13-də Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bunun əyani təsdiqidir”.

Deputat deyib ki, “Xarıbülbül” festivalı bir daha möhtəşəm qələbəmizin, Şuşaya zəfər dönüşümüzün təcəssümü oldu: “1989-cu ildə Şuşada ilk dəfə keçirilmiş festival 32 il sonra yenə Cıdır düzündə baş tutdu və bu da bizim qayıdışımızın daha bir əlamətidir.

“Festival digər bir məqamla da yadda qaldı. Festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı.

“Dövlət başçımız da festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır. 44 günlük müharibə isə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik var. Yəni, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələrinin çıxış etməsi heç də təsadüfi deyil. Bununla biz bir daha bütün dünyaya milli birlik, milli həmrəylik mesajı verdik”.

Mission News Theme by Compete Themes.