Press "Enter" to skip to content

DSMF Şabran rayon şöbəsinin keçmiş sədrinin işi məhkəmədə

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 16 May 2021 12:46

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Şabran rayon şöbəsinin sabiq müdirinin qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib.

Bu barədə mayın 16-da Baş Prokurorluğun Mətbuat Xidmətindən xəbər verilib.

Xəbərdə deyilir ki, DSMF Şabran rayon şöbəsində yoxlama aparılıb. Nəticədə 2017-2020-ci illər ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası zamanı yol verilən nöqsanlarla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.

İstintaq zamanı məlum olub ki, Fondun Şabran rayon şöbəsinin müdiri İlqar Rzayev həmin şöbənin mühasibat sektorunun müdiri Elvin Hüseynov və digər vəzifəli şəxslərlə birlikdə ünvanlı dövlət sosial yardımı düşməyən vətəndaşlara yardım yazmaqla vəzifə saxtarkarlığına yol verib. Bu hərəkətlə onlar dövlət büdcəsinə ümumilikdə 341 min manat ziyan vurublar.

“Toplanmış sübutlarla İlqar Rzayev, Elvin Hüseynov və digərlərinə CM-nin 179.3.2 (israf etmə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda ), 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib”, – deyə xəbərdə bildirilir.

Həmçinin, o da qeyd edilib ki, istintaq zamanı vurulmuş maddi ziyanın 138 min manatı geri ödənilib.

Mission News Theme by Compete Themes.