Bayraqdar.info – Ölkəmiz daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumatda göstərilir ki, növbəti həftə Milli Gimnastika Arenası öz qapılarını yeniyetmə və gənc aerobika gimnastları üçün açacaq.
“Qeyd edək ki, aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları ölkəmizdə ilk dəfə keçirilir. 2019-cu ildə Bakıda bu növ üzrə Avropa çempionatı baş tutmuşdu. 21-23 mayda təşkil ediləcək yarışda 18 ölkədən 202 gimnastın iştirakı gözlənilir. Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar. Gimnastlar yarışların ilk iki günü təsnifat mərhələsində yarışaraq öz aralarında finalçıları müəyyənləşdirəcəklər”, – deyə Federasiyanın xəbərində bildirilir.
Həmçinin, o da qeyd edilir ki, hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcək. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayacaq.
Federasiyanın xəbərində yarışların vaxtı da qeyd edilib. Bildirilir ki, yarışlar hər gün saat 12:00-da başlayacaq. İlk gündə yarış 16:30-da açılış mərasimi ilə, 2-ci gün 16:12 və son gündə 18:03-də bitəcək.
“Onu da qeyd edək ki, mövcud karantin qaydalarının tələblərinə uyğun olaraq, yaş qrupları yarışları da tamaşaçı iştirakı olmadan keçiriləcək.” Federasiyanın xəbəri bu sözlərlə bitir.