Bayraqdar.info – “Sərnişindaşımalarda nağdsız ödənişlərin tətbiqi davam etdirilir. Bu isə vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır”, – bu sözlər Bakı Nəqliyyat Agentliyinin açıqlamasındandır.
BNA bildirir ki, hazırda gündəlik olaraq 600 min nəfərə yaxın sərnişin (ümumi sərnişinlərin 33 faizi) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.
Mayın 17-dən 20-dək isə daha 7 müntəzəm marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sistemi ilə işləyəcək.
Mayın 17-də 29 və 81, mayın 18-də 71 və 83, mayın 19-da 53 və 66, mayın 20-də isə 31 nömrəli marşrut avtobusları “Baki Kart”a keçəcək. Bununla da “BakıKart” sisteminə inteqrasiya edilən marşrutların sayı 60-a çatacaq.
BNA-dan onu da qeyd ediblər ki, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə keçiriləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.